Məhkəmə qərarları › İş №3(057)-836/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-836/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-836/2024 02.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Borclu Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 50-də qeydiyyatda olan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X2) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 02 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(057)-1515/2023 saylı icra sənədinə əsasən, Şəxs 22.759,6 manat alınıb Zərərçəkmiş şəxs olan borcunu ödəmir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, borcunu vaxtında ödəməməsinə səbəb maddi imkanının olmamasıdır. Taksi fəaliyyəti ilə məşğul olur. Borcunu ödəməkdən boyun qaçırmadığını, maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilmədiyini bildirmişdir. Həmçinin hər ayın 15-də tələbkara 400 manat ödəyəcəyi barəsində tələbkarla aralarında razılıq əldə etdiyini bildirmişdir. İyun ayında borcundan 400 manat nağd şəkildə, avqust ayının 26-da 200 manat ödəniş etmiş və sentyabr ayında yenidən 200 manat ödəyə biləcəyini, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Şəxs ilə hər ayın 15-də 400 manat ödəyəcəyi barəsində razılıq əldə etmişdir. İyun ayında 400 manat nağd şəkildə ödəsə də, növbəti aylarda ödəniş etməmiş, avqustun 26-da 200 manat ödəmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(057)-1515/2023 saylı icra sənədinə əsasən, borclu Şəxs 23200 manat və ödənilmiş dövlət rüsumu əvəzində 159,60 manat alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin dərhal könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, 01 may 2024-cü il tarixdə icra şöbəsinə gəlməyi tələb olunmuşdur. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(057)-1515/2023 saylı icra sənədi barədə xəbərdar olduğunu, bu barədə icra məmurunun ona qərar və bildiriş təqdim etdiyini, imkanı olmadığına görə borcunu tam ödəyə bilmədiyini, hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Salyan Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materialına əlavə edilmiş qəbzin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə borcundan 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, o, borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra şöbəsində verdiyi izahatında maddi imkanının az olmasını əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə bunun qətnamənin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs ötən aylar ərzində məhkəmə qətnaməsinin qismən də olsa icra olunmasına cəhd etmiş və bu günədək zərərçəkmiş şəxsə 600 manat məbləğində ödəniş etmişdir və bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin zərərçəkmiş şəxslə borcun hissə-hissə ödənilməsinə dair razılıq əldə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar