Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-842/2024 04.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə xx.xx.1972-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 113-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Salyan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 04 sentyabr 2024-cü il tarixli, MN 1988356/917 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində Zərərçəkmiş şəxs məxsus “Stels” markalı 29 tipli velosipedi oğurlamışdır. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Salyan şəhəri 20 yanvar küçəsi ev-48 də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “RS” çay evinin qarşısında küçədə saxladığı özünə məxsus “Stels” markalı 29 tipli velosipedinin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Araşdırma zamanı, Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “RS” çay evinin qarşısına Zərərçəkmiş şəxs məxsus velosipedin oğurlandığı hadisə yerinə baxış keçirilərək müvafiq protokol tərtib edilmiş, foto şəkillər çəkilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “RS” çay evinin qarşısında Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən oğurlanmış 01 (bir) Ədəd “Stels” 29 markalı velosipedin qiyməti 420 (dörd yüz iyirmi) manat olmaqla, vurulmuş ziyanın ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edir. Araşdırma zamanı, həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin əlamətləri aşkar edildiyindən barəsində inzibati qaydada tədbir görülməsindən ötrü cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “RS” çay evinin qarşısında küçədə velosiped görmüş, sahibi yanında olmadığı üçün velosipedi oğurlayıb oradan uzaqlaşmışdır. Ertəsi günü pula ehtiyacı olduğu üçün tanımadığı şəxsə 70 manata satmışdır. Xəstə olduğundan pulu zəzərçəkmiş şəxsə geri qaytara bilməmiş və etdiyi əməldən peşmançılıq keçirdiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Akif Abdullayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan şəhəri 20 yanvar küçəsi ev-48 də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “RS” çay evinin qarşısında küçədə saxladığı özünə məxsus “Stels” markalı 29 tipli velosipedinin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. 04 sentyabr 2024-cü il tarixli, MN 1988356/917 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində Zərərçəkmiş şəxs məxsus “Stels” markalı 29 tipli velosipedi oğurlamışdır. Şəxs tərəfindən Salyan Rayon Polis Şöbəsinə ünvanlanmış 04 sentyabr 2024-cü il tarixli izahatdan görünür ki, o, törətdiyi əməli səmimi etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş edilməməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-842/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-842/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver