Məhkəmə qərarları › İş №3(057)-844/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-844/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-844/2024 05.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yarıyeva Kəmalə Elxan qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1969-cu ildə Salyan rayonu, Aydıngün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 05 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 05 sentyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1975/2015 saylı, 01 iyul 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1065.36 manat borcu tam qaydada “X8 Azərbaycan” QSC-yə ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1975/2015 saylı, 01 iyul 2015-ci il tarixli icra sənədi xx.xx.2015-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinin icraatında daxil olmuş və həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Qərar rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Borclunun mülkiyyətində avtomobil aşkar edilmiş, avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət edildikdən sonra borclu bu barədə xəbər tutaraq, avtomobili dərhal oğlunun adına keçirtmişdir. İcra sənədi 2015-ci ildən icraatda olmasına baxmayaraq borclu borcundan 2 dəfə olmaqla cəmi 130 manat ödəniş etmişdir. Bu hallar onu göstərir ki, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, daimi iş yeri yoxdur. İki aydır ki, Bakı şəhərində müxtəlif ünvanlarda tikintidə fəhlə işləyir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla tanış olmuşdur. Avtomobili oğlunun adına keçirərkən oğlu 110 manat rüsum ödəmişdir. Borcunun bir hissəsinin ödənilməsi üçün vaxt verilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, hazırda öhdəsində olan borcundan heç bir məbləğdə ödəniş ödəmək imkanı yoxdur. Məhkəmə, icra məmurunun və borclunun izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam olaraq sübuta yetirilir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1975/2015 saylı, 01 iyul 2015-ci il tarixli icra vərəqəsinə əsasən, “X8 Azərbaycan” QSC-nin Sumqayıt filialı ilə Şəxs arasında bağlanmış 24 may 2012-ci il tarixli, 24May12(1)-sum saylı kredit müqaviləsindən yaranmış 718.51 manat məbləğində əsas kredit borcunun, 185.31 manat məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə isə 1215.36 manat məbləğində pul vəsaiti Şəxs və X1 müştərək qaydada tutularaq “X8 Azərbaycan” QSC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərarın ksero surətindən görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2018-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-400/2015 saylı, 06 noyabr 2015ci il tarixli qərardadın ksero surətindən görünür ki, Salyan rayon İcra bölməsinin icra məmuru X3 təqdimatının təmin olunması, Abşeron Rayon Məhkəməsinin 2(012)-1975/2015 saylı, 01 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbəri vardır. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra edə bilməmişdir. Bu günədək icra sənədi üzrə ödəniş etməmişdir. 10 gün müddətinə gələcəyinə söz verir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 borclu Şəxs məxsus “Khazar LX minik” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun ksero surətindən görünür ki, “Khazar LX” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyindən onun üzərinə hər hansı məhdudiyyətin tətbiq edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin foto ksero surətindən görünür ki, borclu Şəxs “X8 Azərbaycan” QSC-nin Sumqayıt filialının hesabına 100 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin foto ksero surətindən görünür ki, borclu Şəxs “X8 Azərbaycan” QSC-nin Sumqayıt filialının hesabına 30 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra sənədlərinin icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar