Məhkəmə qərarları › İş №3(057)-845/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-845/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-845/2024 05.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, xx.xx.2002-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və nəticədə, onun tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin sahə rəisi, polis kapitanı X4 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Akif Abdullayev raportla məruzə edərək, Salyan şəhəri, N.Babayev küçəsi, ev 37-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-in “102” Xidməti-X6 müraciət edərək, xx.xx.2024-cü il tarixə keçən gecə Salyan şəhəri ərazisində yerləşən “Oba” market ərzaq mağazasının qarşısında Şəxs tərəfindən döyülməsini bildirmişdir. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibəti həmişə yaxşı olub, aralarında heç bir ədavəti olmayıbdır. Onun yaşının böyük olmasına görə həmişə onun hörmətini saxlamışdır. Zərərçəkmiş şəxs danışığın bilən deyil, ağzına və ağlına nə gəldi danışandır. 20 avqust 2024-cü il tarixə keçən gecə saat 01:10 radələrində Qusar rayonundan Salyan şəhərinə gəlməklə avtovağzalda düşüb evinə gəldikdə yolda bacısı zəng edib su almasını tapşırdığı üçün Salyan şəhəri ərazisindən keçən köhnə Ələt-Astara magistral avtomobil yolunun “Akkuşa” çayı istiqamətində yolun sol tərəfində yerləşən “Oba” market ərzaq mağazasına daxil olub içməli sulara baxıb götürəndə Rasim mağazaya daxil olmuş, onunla salamlaşıb görüşəndə Rasim əsəbi halda ona yol verməsini tələb etmiş, mağazanın daxilində hərəkət etməsinə yol olduğu halda Rasimin əsəbi danışması ilə yanaşı əsəbi halda “böyüyüb kişi olmuşunuz” kimi sözlər deməsi pis təsir etmiş, ona irad tutaraq “bu nə danışıqdır edirsən” deyə soruşduqda sözlə mübahisə edərək mağazadan bayıra yola tərəf çıxmış mağazanın qarşısında 2-3 metr aralıda Rasim ilə arasında davam edən mübahisə Zamanı Rasim ona əl-qol hərəkətləri etməklə əli ilə sinəsindən itələdikdə bundan əsəbiləşərək onun sifətinə bir-iki dəfə yumruqla vurmuş, mağazada işləyən Məmmədəli adlı işçi bayıra çıxmaqla araya girib ayırmışdır. Rasim ayrıldıqdan sonra gəldiyi avtomaşınına əyləşib oradan getmək istəsə də, maşını işə düşməmiş, Rasim təkrar 2-ci dəfə üzərinə gələndə əlilə onun sinəsindən itələdikdə Rasim arxası üstə yerə yıxılmışdır. Bundan sonra polisin 102 xidmətinə zəng edəcəyini deyərək polis çağıracağını bildirəndə gözləməsini bildirmişdir. Rasim polisə zəng etsə də, təhqiramiz ifadələrinə görə ona baş qoşmayıb oradan çıxıb getmişdir. Rasimlə arasında olan mübahisə zamanı ona qarşı əl qol atsa da, Rasimin onu vurması olmamışdır. Ona qarşı heç bir iddia və tələbi yoxdur. Əksinə ona qarşı etdiyi kobudluğuna və onu vurmasına görə peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Əməlindən peşmandır və bir daha eyni əməli törətməyə yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Akif Abdullayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan şəhəri, N.Babayev küçəsi, ev 37-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİNnin 102 Xidməti X6 zəng edərək xx.xx.2024-cü il tarixə keçən gecə Salyan şəhəri ərazisində yerləşən “Oba” market ərzaq mağazasının qarşısında Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Salyan şəhəri, N.Babayev küçəsi, ev 37-də yaşayan Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tibbi ekspertizasının 22 08.2024-cü il tarixli 397-saylı ekspert rəyində göstərilmişdir ki, 1979-cu il təvəllüdlü, X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sağ qoltuqaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmiş, qərarda göstərilmiş müddət və şəraitdə 20.08. 2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsinə uyğun olması, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və nəticədə, onun tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Həmidov X3 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 sentyabr 2024-cü il tarixdən, saat 16:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar