Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-848/2024 05.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yarıyeva Kəmalə Elxan qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, qeydiyyatsıv evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 05 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 05 sentyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1728/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 360 manat, 2(057)- 864/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1 1354.68 manat borcunu "xxxx" MMC-yə 130 manat borcun, X2 250 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək, Şəxs barəsində hər hansı bir qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs barəsində protokol tərtib edilməmişdən əvvəl o bir iki saat vaxt istəmişdir ki, borcunun bir hissəsini ödəsin. Protokol məhkəməyə verildikdən sonra borclu tərəfindən Zərərçəkmiş şəxs 330 manat, X2 250 manat pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, barəsində 4 icra sənədi olsa da, həmin icra sənədlərindən ikisi üzrə borcu tam olaraq ödəmişdir. Bu barədə tələbkarların ərizələri vardır. Ayın sonuna qədər digər borclarından da ödəyəcəkdir. Borcunu ödəməkdən imtina etmir. İcra sənədlərindən vaxtında xəbərdar olmamışdır. Belə ki, qeydiyyatda olduğu ünvanda yaşamır. Bir müddətdir ki, Qobustan qəsəbəsində işlədiyi üçün orada ailəsi ilə birlikdə kirayədə yaşayır. Ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1728/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 330 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 8İ- 8361nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, BOKT AZPUL MMC-nin xeyrinə Şəxs **********1 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 65.75 manat pul, 39.25 manat məbləğində cərimə peniya, 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 130 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1067/2021 saylı, 28 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 250 manat pul alınaraq, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-864/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 1320.6 manat məbləğində borc pul və 34.08 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş X3 tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizənin ksero surətindən görünür ki, borclu Şəxs borcunu ona tam şəkildə ödədiyi üçün ondan heç bir tələb və şikayəti yoxdur. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq Salyan Rayon Məhkəməsinin 2(057)-1067/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizənin ksero surətindən görünür ki, borclu Şəxs borcunu ona tam şəkildə ödədiyi üçün ondan heç bir tələb və şikayəti yoxdur. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq Salyan Rayon Məhkəməsinin 2(057)-1728/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlumdur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir, protokol tərtib edilməmişdən öncə borcunun bir hissəsini ödəyəcəyi üçün ona bir neçə saat vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasından öncə borclu öhdəsində olan iki icra sənədi üzrə, yəni Salyan Rayon Məhkəməsinin 2(057)-1067/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və 2(057)-1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borcunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(057)-1067/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(057)-864/2023 saylı, xx.xx.2023-cü il tarixli və Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 8İ-8361nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-848/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-848/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver