Məhkəmə qərarları › İş №3(057)-861/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-861/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-861/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Şahəddin Kələntərov Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “X8” MMC fəhlə vəzifəsində işləyən, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə X7 Şöbəsi tərəfindən tərtib olunmuş 7 avqust 2025-ci il tarixli MN № 2196658/381 saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, gecə saatlarında Salyan rayonu Çuxanlı kəndində aralarında baş vermiş mübahisə zamanı Şəxs oğlu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 göstərmişdir ki, Çuxanlı kəndi üzrə sahə rəisi vəzifəsində işləyir. Şəxs və onun ailəsini tanıyır. Şəxs spirtli içki aludəçisidir, dəfələrlə ata-oğul arasında mübahisələr olmuş, ailəsi tərəfindən dəfələrlə DİN-nin 102 xidmətinə müraciət olunmuş, sonradan aralarında barışıq olduğundan hər hansı tədbir görülməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yenidən DİN-nin 102 xidmətinə müraciət olunmuş, aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir, məhkəmədən ciddi tədbir görülməsi barədə qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Kənan onun oğludur, münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Lakin arabir sözlü mübahisələri olmuşdur. Buna səbəb Kənanın onun hər işinə qarışması olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Salyan şəhərində adını bilmədiyi kafedə 4 bakal pivə içmişdir. Sonra yaşadığı evə getmiş, stulda əyləşmiş və oğlu Kənanla söhbət etməyə başlamışdır. Kənan ona qarşı nalayiq ifadələr işlətmiş, buna görə Kənanın çənəsindən tutub sıxmışdır. Bu zaman Kənan onun barəsində şikayət edəcəyini bildirmiş, mobil telefon vasitəsilə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq Kənanın onun barəsində etdiyi şikayətin tam olaraq şər-böhtan və əsassız olduğunu, Kənanı döymədiyini, heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs onun atasıdır. aralarında heç bir düşmənçilik və ədavət olmasa da, dəfələrlə sözlü mübahisələr olmuş, hətta bir neçə dəfə atası onu döymüş, bununla bağlı DİN-nin 102 xidmətinə zəng vurmuş, sonradan barışmışlar. Sonuncu dəfə 24 iyul 2025-ci il tarixində axşam saatlarında atası spirtli içkinin təsiri altında həyətdə əsassız nalayiq ifadələr işlətməyə başlamış, evəə gələrək nalayiq ifadələr işlətməyə davam etmişdir. Atasına yaxınlaşaraq nalayiq ifadələr işlətməməyini demiş, atası bu sözdən əsəbləşərərək onun üstünə gəlmiş və onun sifət nahiyəsinə 1 dəfə yumruqla vurmuşdur. Sonra isə stolun üstündəki çəngəllə onun sinə nahiyyəsinə vurmuş, bundan sonra o, atasına heç nə deməyərək evdən çıxıb 102 Xidmətinə zəng vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş X3 oğlu Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək həyat yoldaşı Zaurun adi vəziyyətlərdə hamı ilə normal davrandığını, spirtli içki qəbul etdikdən sonra isə oğluna və ona qarşı nalayiq ifasdələr işlətdiyini, oğlunu döydüyüni bildirmişdir. Tərəfimizdən dəfələrlə DİN-nin 102 xidmətinə müraciət olunmuş, sonradan aramızda barışıq olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yenidən həyat yoldaşı ilə oğlu arasında mübahisə yaranmış, daha sonra Zur Kənanını çənəsindən bir dəfə yumruqla, daha sonra çəngəllə onun sinəsindən vurmuşdur. Buna görə də oğlu DİN-nin 102 xidmətinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fuad Mirzəzadənin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs Abdülhəsən oğlunun barəsində toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Abdülhəsən oğlunun əməllərində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞnin X1 göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinadən xx.xx.2025-ci il tarixli, 334 saylı ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ gicgah nahiyyəsinin sıyrıq və qançırı, alt dodağın selikli qişasının qansızması küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 07 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Şəxs hüquqlarını özü müdafiə edəcəyini, müdafiəçinin hüquqi yardımına ehtiyacı olmadığını, müdafiəçidən imtinanın onun maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, həmin tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslə barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətlini yüngülləşdirən hallar aşkar edilmədi. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən İXM-in 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs həyat yoldaşı və oğlu onun mütəmadi olaraq spirtli içki qəbul edərək heç bir səbəb olmadan ailə üzvləri ilə mübahisələr etdiyini, onlara qarşı zor tətbiq etdiyini, onun barəsində həbs inzibati həbs tətbiq olunmayacağı halda yenidən həmin hərəkətlərə yol verəcəyini məhkəmə iclasında bildirərək Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 07 avqust 2025-ci il tarixdə, saat 12:45-də məhkəməyə gətirilmiş, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati həbs edilsin İnzibati həbs etmənin əvvəli 07 avqust 2025-ci il tarixdən, saat 12:45-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar