Məhkəmə qərarları › İş №3(057)-877/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-877/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-877/2025 14.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərardan görünür ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən X2 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 qərardan məhkəməyə şikayət verərək EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, o, 04 avqust 2025-ci il tarixdə Bakı şəhərindən Salyan rayonuna gələrkən ona məxsus 90-U6-873 dövlət qeydiyyat nişanlı “Wolkswagen passat” makralı avtomobili Salyan-Noxudlu yolunda hərəkətdə olarkən qarşısında rezin təkərli qoşqosuz traktor qanunla nəzərdə tutulmuş 60km/saat sürət nəzərdə tutulmuş yolda aşağı surətdə hərəkət etmiş, dəfələrlə traktor sürücüsünə işarə edərək yol verilməsini istəmiş, lakin traktorun sürücüsü ona yol verməmişdir. Bundan sonra o, qarşıdan heç bir avtomobilin gəlməməsinə əmin olaraq traktoru ötüb keçmişdir. Bir neçə dəqiqə sonra ona SMS radar vasitəsi ilə EQ 29717514 nömrəli qərarla 100 manat və 3 balla cərimə olunması barədə bildiriş gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qəbul olunmuş qərar əsassızdır, belə ki, qeyd etdiyi yolda rezin təkərli traktor qanunvericiliyin tələbinə görə arxadan gələn avtomobillərin keçməsinə şərait yaratmalı idi, bundan başqa onun qeyd olunmuş maddədə inzibati xəta törətdiyini təsdiq edən videogörüntü yoxdur, şəkillər əsasında onun inzibati xətanın törədilməsində təqsirli olubolmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə 90-U6-873 dövlət qeydiyyat nişanlı “Volkswagen passat” makralı avtomobili idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 327.2-ci maddəsinin tələbinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati xətaya dair videogörüntülərin məhkəməyə təqdim edilməli oldu]u halda əməkdaşlar hadisə ilə bağlı videogörüntü məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. İş materiallarından görünür ki, X2 istifadəsində olan 90-U6-873 dövlət qeydiyyat nişanlı “Wolkswagen passat” makralı avtomobil ilə Salyan-Noxudlu yolunun 1-ci kilometrliyində inzibati xəta törətməsini müəyyən etmək, inzibati xəta hadisəsi ilə bağlı videogörüntü olmadan ədalətli qərar qəbul edilməsi mümkün deyildir. Ona görə ki, Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli Qanununun 1-ci maddəsinin 25-ci bəndinə əsasən, təkərli traktor –yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir, həmin Qanunun 51-ci maddəsinə əsasən, yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Hazırki iş üzrə X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş qərara əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi təkərli traktorun arxasında bir neçə avtomobil var, traktor sürücüsü isə maksimum hərəkət sürətinin 30 km/saat, həmin yolda isə maksimum hərəkət sürətinin 60km/saat olmasını nəzərə almadan traktoru sağa çəkərək avtomobillərə yol verməmişdir. Amil Səmədovun bir neçə dəfə traktor sürücüsünə işarə edərək yol istəməsi barədə dediklərini təkzib edən hər hansı bir sübüt olmadığından və müvafiq videoçəkiliş təqdim olunmadığından onun dediklərini məhkəmə əsaslı hesab edir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X2 tərəfindən İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş EQ seriyalı 29717514 saylı, xx.xx.2025ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Şərh olunanlara əsasən və İXM-in 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş EQ seriyalı 29717514 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar