Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-88/2024 08.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və onun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Salyan rayonu Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Hövsan qəsəbəsi Quşçuluq massivində yaşayan X6 haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsi tərəfindən 17 yanvar 2024-cü ildə verilmiş 16-(057)- 1/2024 nömrəli icra vərəqəsinə əsasən uşaq tələbinə dair iddiası üzrə məhkəmə prosesi bitənədək Zərərçəkmiş şəxs 17 dekabr 2018-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 10.00-dan bazar günü saat 17.00-dək ünsiyyət hüququ verilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 09 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, icra məmurunun qanuni tələblərini lazımi yerinə yetirməmiş, yəni məhkəmə qərarının icrasına maneəçilik törətmiş, uşağı qərəzli olaraq verməyəcəyini bildirmiş və çağırışlara gəlməmişdir. Salyan Rayon Məhkəməsinin 09 fevral 2024-cü tarixli qərarı ilə X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) X1 məhkəmənin bəhs olunan qərarından şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ləğv edilərək X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxsla 2010-cu ildə nikaha daxil olmuş, artıq nikahları pozulmuşdur. Birgə nikahlarından üç uşağı olmuşdur. Uşaqlar nikah pozulmasından sonra atalarının yanında qalmışdır. Artıq nikahın pozulması və uşaqlar barəsində olan qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2023-cü ildə məhkəmə qərarına əsasən Əsmər adlı övladı ilə ona görüş verilmişdir. Həmin vaxtdan uşaq xəstə olduğu üçün atasına qaytarmamışdır. İcra məmuru tərəfindən heç vaxt icra şöbəsinə dəvət edilməmişdir. Lakin icra məmuru Coşqun ona zəng etmiş və uşağı geri qaytarmasını bildirmişdir. Uşaq xəstə olduğu üçün uşağı qaytarmayacağını bildirmişdir. Özü uşağı qaytarmaq istəmədiyini və ona hər hansı cəzanın verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqlar ona verilmişdir, xx.xx.2023-cü il tarixdə anası ilə görüşməsi üçün Əsməri Qətibəyə vermişdir. Qətibə uşağı bir günlük aparacağını bildirmiş, lakin, sonra gətirməmişdir. Borclu uşağı əsassız özündə saxlayır, özü də uşağı xəstəxanaya apara biləcəyni qeyd edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 bildirmişdir ki, protokolu Qətibə xanım uşağı qaytarmadığı üçün tərtib etmişdir. Bu barədə icra vərəqəsi yoxdur. Həmçinin iş digər icraçının icraatındadır. Həmin icraçı məzuniyyətdə olduğu üçün protokolu müdafiə etmək məqsədi ilə məhkəməyə özü gəlmişdir. Bu səbəbdən vətəndaşın barəsində yekun qərarı haqqında fikir bildirməyərək məhkəmənin mülahizəsinə buraxdığını bildirmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X9 bildirmişdir ki, tərtib olunan protokol müvəqqəti təminat tədbiri barədə ərizəyə əsasən qəbul olunmuş qərara münasibətdə tərtib olunmuşdur. Onun isə qüvvədə olma müddəti qərarla 01 ay müəyyən edilmişdir. Qərarın qüvvəsi xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür, buna görə də, mövcud olmayan icra vərəqəsi üzrə protokolun tərtib olunması düzgün deyildir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin 16(057)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 17:00-dək uşaq tələbi barədə iddiasına məhkəmə prosessi bitənə qədər ünsiyyət hüququ verilməsi qərara alınmışdır. Qərardadın 1 (bir) ay ərzində qüvvədə olması və xx.xx.2024- cü il tarixdə müvəqqəti təminat tədbirinin qüvvədən düşməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 16(057)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. X6 tərəfindən Salyan Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış izahatın surətindən görünür ki, o, Salyan Rayon Məhkəməsi tərəfindən 17 yanvar 2024-cü ildə verilmiş 16-(057)-1/2024 nömrəli icra vərəqəsindən məlumatlı olduğunu, lakin 17 dekabr 2018-ci il təvəllüdlü X7 görüşmək üçün Zərərçəkmiş şəxs verməyəcəyini bildirmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(057)-139/2022 saylı qətnaməsindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında 13 noyabr 2013-cü il tarixdə Salyan rayon VVADQ Şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikah pozulmuş, 17 dekabr 2018-ci il təvəllüdlü X11, 21 yanvar 2014-cü il təvəllüdlü X10 və 12 iyul 2012-ci il təvəllüdlü X5 ataları Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmişdir. Beləliklə, məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun vəkilinin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərdən keçirərək hesab edir ki, X6 heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, şəxs icra sənədində göstərilən öhdəliyi təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs icra şöbəsində verdiyi izahatında uşağın balaca olmasını əsas gətirərək verməyəcəyini bildirsə də, məhkəmə qeyd edilən halın onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, X6 heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-88/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-88/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver