Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-890/2025 21.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏNETDİ: Şəxs idarə etdiyi avtomaşınla inzibati xəta törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək cərimə olunmuşdur. O, EQ 26590479, EQ 26590794 və EQ 26624221 saylı protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP 7241919, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, cərimə onun adına səhvən yazılmışdır. “Mercedes Benz S350 minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hansısa şirkətin balansındadır. O, barəsində yazılmış cərimə qərarları ilə bağlı müvafiq orqanlara şifahi müraciət etmiş, ona bildirilmişdir ki, həqiqətəndə həmin cərimə onun deyil, şirkətin adına yazılmalıdır. Şirkətin mobil telefon nömrəsini tapmış, əlaqə saxlayan zaman bilmişdir ki, hansısa lizinq şirkətidir. Həmin avtomobildən xəbəri yoxdur, görməmiş və onun tərəfindən etibarnamə və ya digər sənəd əsasında istifadəsində olmamışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin : 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. - İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay əvvəl şəxsə çatdırılması iş üzrə sübut edilmir. Həmçinin Salyan Rayon Polis Şöbəsi tərəfindən göndərilmiş bildirişdən də görünür ki, göndərilmiş məktub “ünvan bağlıdır” qeydi ilə geri qayıtmışdır. İş materiallarına cərimə qərarının ümumiyyətlə şəxsə çatdırılmasına dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet vasitəsilə və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut, ümumiyyətlə hər hansı bir formada çatdırılmanı təsdiq edəcək sübut mövcud deyildir, bu barədə əsaslandırma aparılmamışdır. Bununla da İXM-nin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 3 ay əvvəl cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: İXM-nin 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; İXM-nin 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; İXM-nin 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir İXM-nin Lakin hazırkı iş üzrə cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra İXM-nin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalarda, yəni elektron kabinetinə yerləşdirmə, mobil telefon nömrəyə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılması sübut edilmir, bu barədə sübutlar mövcud deyildir. Beləliklə, hazırkı protokolda və əlavə edilmiş materiallarda İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 3 ay əvvəl xəbərdar olması, qərarın ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Çünki qərar icra edilməsi üçün qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar İXM-nin 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 20 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız İXM-in 57, 125, 130, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-nin 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarının İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Hazırkı protokola nəinki belə bir sübut, ümumiyyətlə cərimə qərarının 3 ay əvvəl göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Beləliklə də inzibati cərimə növündə inzibati tənbeh edilmiş şəxs həmin qərar barədə İXM-nin 57, 125-ci maddəsinin tələblərinə əməl edilməklə məlumatlandırılmadan, belə məlumatlandırılma həyata keçirildikdə isə 3 aylıq müddət gözlənilmədən İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilir, bununla da İXM-in tələbləri pozulur. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, EQ 26590479, EQ 26590794 və EQ 26624221 saylı protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlarla müəyyən olunur ki, inzibati xəta hadisələri törədilmişdir, lakin inzibati xətanın məhz kim tərəfindən və hazırda barəsində icraat aparılan şəxs Şəxs tərəfindən törədilməsi müəyyən edilməmiş qalaraq, ona törədilmiş inzibati xəta hadisəsi ilə bağlı lazımi qaydada məlumat verilmədən və bunun əsasında qanunvericiliklə nəzərdə tutulan formada araşdırma aparılmadan onun inzibati məsuliyyətə cəlb olunması barədə tərtib olunan protokola baxılması və müvafiq inzibati tənbeh vermə barədə qərarın qəbul edilməsi onun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Həmçinin inzibati xəta hadisəsini törətmiş şəxs mütləq şəkildə inzibati məsuliyyətə cəlb olunmalıdır, hazırki inzibati iş materiallarını araşdırarkən məhkəmə müəyyən etmişdir ki, müvafiq qaydada araşdırma aparılmalı araşdırma nəticəsində Şəxs inzibati xəta hadisəsi ilə bağlı aidiyyəti müəyyən edilmədiyi təqdirdə inzibati xətanı törətmiş şəxs müəyyən olunmalı və həmin şəxs inzibati məüuliyyətə cəlb olunmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunan digər hallar ondan ibarət olmuşdur ki, AZEMİS elektron sistem vasitəsi ilə Şəxs barəsində müvafiq elektron sorğular edilərək, onun hazırki inzibati xəta törədilərkən idarə olunan Mercedes-Benz S 350 markalı nəqliyyat vasitəs nə onun mülkiyyətində olmamış və həmin nəqliyyat vasitəsinə münasibətdə hər hansı Notariat hərəkətlərinin aparılması ilə məlumat əldə olunmamışdır. Qeyd olunan nəqliyyat vasitəsindən istifadə edilməklə törədildiyi güman olunan inzibati xəta hadisəsinin hansı hüquqi qüvvəyə malik sənəd əsasında hazırki inzibati iş üzrə barəsində icraat aparılan şəxs Şəxs tərəfindən idarə olunması və törədilən inzibati xətaya münasibətdə tərtib olunan elektron qərarın onun barəsində tərtib olunması qeyri-müəyyəndir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Salyan Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Salyan Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-890/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-890/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver