Məhkəmə qərarları › İş №3(057)-899/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-899/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-899/2025 12.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Salyan RMX-nın acil şöbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Salyan RMXnın acil şöbəsində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, bir neçə gün bundan əvvəl sağ əlini kəsici alətlə kəsdiyi üçün qoyulan sarğını dəyişdirməyə görə xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Salyan RMX-na getmişdir. O, xəstəxanaya daxil olmuş və tibb bacılarına əlində olan sarğını dəyişmək lazım olduğunu bildirmişdir. Bu sözlərdən sonra tibb bacıları ona əhəmiyyət verməmişlər. O, sarğı otağında yarım saat gözləməli olmuş, heç kəsin onunla maraqlanmadığını gördükdən sonra bu haldan əsəbiləşərək xəstəxananın dəhlizinə çıxmış və ucadan səs-küy salaraq həkimin niyə gəlmədiyini bildirmişdir. Bundan sonra həkimlər yenə də ona heç bir köməklik göstərməmişlər. Əsəbi olduğu üçün ünvansız söyüş söymüşdür. Törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməli, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 12 avqust 2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Tural Fərmanlı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində X4 Şöbəsinin polis nəfəri, polis baş serjantı Elvin Hacıyevin telefonla RPŞnin NH-nə zəng edərək, Coşqun adlı şəxsin Salyan Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozması barədə verdiyi məlumat əsasında, əməliyyat istintaq qrupunun üzvləri RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Rəşad Əliyev, RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Ceyhun Hüseynov və RPŞ-nin NH-nin sürücüsü polis baş serjantı Elmir Bəşirov ilə birlikdə rayon mərkəzi xəstəxanasının acil şöbəsinin inzibati binasına getdilər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdi və onu nizam-intizama dəvət etsələrdə həmin şəxs ucadan ünvansız nalayiq küçə şöyüşlərinə davam etdi. Onlar onu RPŞ-nə dəvət edib gətirmək istədikdə o, öz qanuna zidd hərəkətlərini davam etdirərək, RPŞ-nə gəlməyəcəyini bildirdi. Onlar bundan sonra RPŞ-nin NH-nə məlumat verərək kömək məqsədi ilə PPXB-nün əməkdaşlarını bura gəlməsini tələb etdilər. PPXB-nün əməkdaşları bura gəldikdən sonra onlar onu yenə nizam-intizama dəvət etsələrdə şəxs öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün və qanuni əmrə tabe olmadığı üçün şəxsi RPŞ-nə gətirib NH-yə təhvil verdik. RPŞ-nin NH-də məlum oldu ki, həmin şəxs Salyan şəhəri Ə.Quliyev küçəsində yaşayan xx.xx.1986-cı il təvəllüdlü X2r. Odur ki, raportuna dair aidiyyəti göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Salyan RMX-nın acil şöbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Salyan RMX-nın acil şöbəsində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli, AZA 021485 saylı protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə, saat 01:30-da tutulmuşdur. Salyan Rayon Məhkəməsinin 3(057)-638/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olubolmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolların və şahidlərin izahatlarının məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Belə ki, inzibati xəta üzrə məsuliyyətin müəyyən olunması üçün təqdim edilən sübutlar mübahisəsiz və qəti olmalıdır. Hazırki iş üzrə yalnız inzibati xəta haqqında protokol təqdim olunsa da, iddia edilən hadisəyə dair heç bir videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmiş, həmin hal barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inkar edilmişdir. Bu baxımdan, məhkəmə yalnız protokola və raporta əsaslanaraq şəxsə qarşı inzibati tənbeh tətbiq edilməsini hüquqi baxımdan əsaslı və məqsədəuyğun hesab etmir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə İXM-nin 8.3-cü maddəsinə əsasən onun xeyrinə həll edilir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafedici izahatı və iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs törətdiyi həmin inzibati xətaya, yəni İXMnin 510-cu maddəsinə əsasən tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-cü maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, İnzibati Xətalar Məcəllənin 510-cu maddəsi ilə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar