Məhkəmə qərarları › İş №3(057)-901/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-901/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-901/2025 03.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 24 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin nəzərdə tutulmuş inzibati xətanı törətməyi və həmin inzibati xətaya görə 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilməsi göstərilmişdir. Müvafiq qərarda "23 iyun 2025-ci il tarixində saat 11:00-da ev təsərrüfatından formalaşan tullantıları yolun kənarında "Şəhidlər Xiyabanı" nın yanında qalaylayaraq yandırması ərazinin çirkləndirilməsi faktı" qeyd edilmişdir. Həmin protokol tərtib edilən zaman onun ümumiyyətlə xəbəri olmamış ve protokolun tərtib edildiyi zaman iştirakı təmin edilməmişdir. Halbuki, həmin protokol tərtib edilən zaman onun iştirakı təmin edilməli, izahatı alınmalı, Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli və bu barədə protokolda müvafiq qeyd aparılmalı idi. Cavabdeh orqan bu tələblərin heç birinə əməl etməmiş və təsadüfən çölə çıxdığı zaman video çəkmiş və qanunsuz hərəkətlərə yol vermişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100cü maddəsinin tələbləri pozulmuşdur) Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilən zaman da onun iştirakı təmin edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman işə baxılma tarixi və saatı barədə ona məlumat verilməmiş, iştirakı təmin edilmədiyindən izahatlarını təqdim etmək imkanı olmamış, həmin protokolun əsassız və qanunsuz olması ilə bağlı müvafiq sübutları təqdim etməkdən məhrum olmuş və nəticədə, qərar qəbul edilən zaman işin faktiki halları tam araşdırılmamış və inzibati xəta onun tərəfimdən törədilməsə də, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələbləri pozulmuşdur) Yuxarıda qeyd edilən prosessual olaraq qərarın əsassız və qanunsuz olaraq qəbul edilməsinə göstərilən dəlillərdən əlavə olaraq qeyd edir ki, 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar maddi normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, qərarda "23 iyun 2025-ci il tarixində saat 11:00-da ev təsərrüfatından formalaşan tullantıları yolun kənarında “Şəhidlər Xiyabanı" nın yanında qalaylayaraq yandırması ərazinin çirkləndirilməsi faktı" qeyd edilmişdir. Hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmənin 20 avqust 2025-ci il tarixli iclasında şikayət verən gəlməmiş, məhkəmə prosesində təmsil olunmaq üçün oğlu iştirak etmiş, lakin müəyyən edilmişdir ki, oğluna müvafiq qaydada etibarnamə verilməmişdir. Buna görə məhkəmə iclası 28 avqust 2025-ci il tarixə təxirə salınmış, lakin şikayət verən yenə də məhkəmə prosesində iştirak etməmişdir. Şikayət verənin iştirakının təmin olunması məqsədi ilə məhkəmə iclası 03 sentyabr 2025-ci il tarixə təxirə salınsa da, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin 20 avqust 2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə ilə nümayəndəsi, idarənin baş məsləhətçi-müfəttişi X4 şikayəti qəbul etməyərək bildirmişdir ki, X5 ev təsərrufatında formalaşan tullantıları yolun kənarında, Şəhidlər Xiyabanının yaxınlığında qalaqlayaraq yandırmış, buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 266.1-ci maddəsi ilə 700 manat cərimə edilmişdir. Ənvər Abuzərov qeyd olunan inzibati xətaları törətməkdə hələ də davam edir, həmin ərazidə yenə tullantılar qalaqlanmış şəkildədir. Çoxsaylı vətəndaş şikayəti əsasında həmin əraziyə baxış keçirilərək videoçəkiliş aparılmış, həmin çəkiliş zamanı Ənvər Abuzərov da əraziyə gəlmiş və ona qeyd olunanlarla bağlı onun barəsində protokol tərtib ediləcəyi barədə bildirilmişdir. Həmin videoçəkilş məhkəməyə təqdim olunur. X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, İXM-nin 266.1-ci maddəsində çirklənmənin hansı həddə olması barədə qeyd yoxdur, dərəcəsindən asılı olmayaraq çirklənmə olduqda həmin maddənin tərkibi yaranmış olur. Videoçəkiliş barədə Ənvər Abuzərovun məlumatlı olub-olmamaıs barədə isə Kamran Səmədov qeyd etmişdir ki, çəkilişin aparılması barədə qarşı tərəfi məlumatlandırmalı deyildir, belə bir tələb nəzərdə tutulmayıb, çünki öz vəzifə funksiyalarına uyğun olaraq qanuni fəaliyyətləri çərçivəsində hərəkətlər edərkən qabaqcadan videoçəlişə start verilir. Hazırki halda isə Ənvər Abuzərovun məlumatı olmuşdur və çəkiliş zamanı da ona barəsində protokol tərtib olunacağı bildirilmişdir. Eyni zamanda tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə qaydalarına da əməl olunmamışdır. Həmin ərazi Şəhidlər Xiyabanına bir neçə metrlik məsafədədir, vətəndaşlar çoxsaylı şəkildə şikayətlər edərək narazılıqlarını bildirirlər. Bütün bunlarla X1 haqqında Azərbaycan Respublikası Qanununun və İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozmuş olur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən şikayətin təmin olunmaması və inzibati məsuliyyətə cəlb edilməklə bağlı qərarın qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən X5 23 iyun 2025-ci il tarixdə saat 11:00-da ev təsərrufatında formalaşan tullantıları yolun kənarında, “Şəhidlər Xiyabanı”nın yaxınlığında qalaqlayaraq yandırmış, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin protokol tərtib olunmuşdur. 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 266.1-ci maddəsi ilə 700 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş DVD diskə baxış zamanı müəyyən edildi ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan videoçəkiliş zamanı tullantıların onun tərəfindən yandırılması ilə bağlı ona bildirilən iradlara etirtaz etmir, həmin çəkiliş zamanı onun barəsində protokol tərtib olunacağı bildirilir. Tullantılar haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi; H ə m i n Q a n u n u n 1 2 - c i m a d d ə s i n ə ə s a s ə n şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər: Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləlikə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarla, Kamran Səmədovun izahatı ilə, həmçinin məhkəməyə təqdim olunmuş DVD diskdə olan materiallara əsasən məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 220.8-ci maddəsi ilə 700 manat cərimə edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X6 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar