Məhkəmə qərarları › İş №3(057)-913/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-913/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-913/2025 18.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi vəkil X4 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, iki uşağı olan, mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 18 avqust 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 18 avqust 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 18 avqust 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-132/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(053)-651/2024 saylı icra vərəqələrində göstərilən tələbləri icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahatında göstərdi ki, borclu barəsində 2 icra sənədi mövcuddur. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. Lakin həmin vaxtdan bugünə kimi heç bir ödəniş etməmişdir. "xxxx" MMC-yə 5657 manat, Zərərçəkmiş şəxs isə 9900 manat borcu vardır. Bu səbəbdən də, barəsində 528.1-1-ci maddəsi ilə tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, “Kontakt Home”dan işdən çıxandan sonra ödəniş etməmişdir. Hər ay ayda 100 manat ödəniş etmiş, bu barədə qəbzləri vardır. Şəxsiyyət vəsiqəsini itirdiyi üçün onu bərpa etdirdikdən sonra axtarışda olduğunu bilmişdir. "xxxx"a müvafiq ödənişlər etmiş bu müddət ərzində və tələbkar “ABC” Telecomun Şəhriyar adlı əməkdaşına hər edə bildiyi ödənişlərin qəbzlərini göndərir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs müdafiəçisi vəkil X7 bildirmişdir ki, hər ay ödəniş etdiyini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-yə olan borcla bağlı apellyasiya şikayəti vermişlər. Qərar qüvvəyə minənə qədər möhlət verilmişdir. Məhkəmə iclası zamanı məhkəmə aparatı işçisi tərəfindən "xxxx"un icraçısı Şəhriyar adlı şəxslə əlaqə saxlanılmış, o bildirmişdir ki, Şəxs bu ilin fevral ayından bu tarixə qədər ümumilikdə 485 manat pul ödəmişvə sonuncu ödənişi cari ilin avqust ayında olunmuşdur. Tələbkar "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Rauf Süleymanlı elektron kabinet vasitəsi ilə məhkəməyə arayış ünvanlayaraq göstərmişdir ki, Şəxs barəsində çıxarılmış Neftçala Rayon Məhkəməsinin 2(053)-651/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, qətnamə üzrə "xxxx" MMC-yə ümumilikdə 485 manat ödəniş etmişdir. Bu günki günə yəni xx.xx.2025-ci il tarixinə olan borcu 5249.33 manat təşkil edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin e-2(053)-132/2024 saylı, 11 iyul 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 05 noyabr 2023-cü il tarixli, 1215 saylı “İcarə” müqaviləsinə əsasən icarəyə götürdüyü “KİA SPORTAGE” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 9885 manat borc və ödənilmiş 118.85 manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin e-2(053)-651/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 07 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 5337.76 manat ödənilməmiş əsas məbləğ, 320 manat dəbbə olmaqla, cəmi 5657.76 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 76.57 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Kürqaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə tərəfindən verilmiş arayışdan görünür ki, Əliyeva X2 rayon, Kimya Şəhərciyi, ev 20, mənzil 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq hal-hazırda Salyan rayon Ərəbqardaşbəyli kəndində yaşayır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-1185/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Borclu, xx.xx.1988-ci ildə Neftçala şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru əsassız olaraq borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, borclu borclarını ödəməkdən imtina etmir və icla zamanıda ödənişlərin davamlı şəkildə müəyyən miqdarlarda həyata keçirildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: İXM-in 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; İXM-in 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qətnamə üzrə müəyyən edilmiş məbləğdən maddi imkanın yol verdiyi məbləğdə ödəniş etməsi, borcu ödəməkdən yayınmaması və tam ödəməməsinin üzürsüz səbəblərlə bağlı olmasının müəyyən edilməməsi nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X5 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 33 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən tam ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X5 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 33 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar