Məhkəmə qərarları › İş №3(057)-927/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-927/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-927/2024 07.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 21 fevral 2024-cü il tarixli, EQ 19573775 nömrəli protokola əsasən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 və "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən X2 İXM-in 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 və "xxxx" ASC Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ/19573775 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X3 "xxxx" ASC-yə direktor təyin edilmişdir. Cəmiyyətə məxsus **-AZ-*** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobil 01.03 2024-cü il tarixdən isə onun tərəfindən idarə edilir (yol vərəqi № 0000198). Lakin cəmiyyətin sabiq işçisi X2 **-AZ-*** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobili idarə etmədiyi halda onun barəsində həmin avtomobili idarə etdiyinə görə İXM-nin 328.1-ci və İXM-nin 332.3-cü maddəsinin tələbini pozduğu üçün elektron qərarlarla uyğun olaraq 10 manat və 300 manat cərimə edilmişdir. Lakin sabiq işçi Samid Əliyevin əmək müqaviləsinə xx.xx.2023-cü tarixdə xitam verilmiş idi. İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan xəta sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməkdir. Bu maddəyə əsasən S.Əliyev 300 manat məbləğində cərimə olunmuşdur. Həmin vaxt S.Əliyevin əmək müqaviləsinə xitam verildiyi üçün o, cəmiyyətin avtomobilini idarə edə bilməzdi. Bundan başqa, həmin vaxtlar məhkəmə tərəfindən S.Əliyev barəsində azadlığın məhdudlaşdırılması hökmü çıxarılmışdır. Tərtib olunmuş elektron qərarlar müəssisəyə və S.Əliyevə təqdim olunmamışdır. Həmin səbəbdən də, bu yanlış EQ və cərimə tərəflərindən mübahisələndirilməmişdir. DYPİ tərəfindən ** AZ *** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobilin üzərinə həbs qoyulmuş və xx.xx.2024-cü il tarixdən avtomobil YPXnin əməkdaşları tərəfindən götürülərək cərimə meydançasına yerləşdirilmişdir. Tətbiq olunmuş cərimə məbləğinə görə isə dəbbə pulu hesablanmış və hesablanmaqda davam edir. "xxxx" ASCnin yuxarıda göstərdiyi uyğunsuzluqların aradan qaldırılması üçün Baş Dövlət YPİ-nə müraciət ünvanlamış, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. (DİN BDP-yə ünvanlanan ərizələrin və verilən cavabların surətləri əlavə olunmuşdur). Müəssisəyə məxsus **-AZ-*** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobilin üzərinə həbs qoyub onu cərimə meydançasına yerləşdirməklə Cəmiyyətin hüquqları YPİ tərəfindən kobud surətdə pozulmuşdur. Onun üçün də S.Əliyev barəsində tərtib edilmiş21 fevral 2024-cü il tarixli, EQ 19573775 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ASC-yə məxsus avtomobilin üzərindən həbs götürülməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, inzibati hüquqpozma ilə əlaqədar qəbul edilmiş olan qərardan şikayət müddətinin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş İHP-yə dair protokol və onlarla əlaqədar qəbul edilmiş qərarlarla bağlı məlumatı olmadığı üçün prosessual müddət ərzində məsələni mübahisələndirə bilməmişdir. Şikayət ərizəsində göstərdiyi əsaslarla əlaqədar (həbsdə olması ilə) o, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşını idarə etməmiş, ona heç bir qərar və protokol təqdim edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 3(004)-4635/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətçi X1 Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətçi "xxxx" ASC-nin direktoru X3 dəftərxana vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, şikayətini bir daha təsdiq edərək, barəsində qəbul edilmiş İHP-ya dair qərarın ləğv edilməsini, ailə vəziyyəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şikayətçi X2 izahatında bildirmişdir ki, əvvəllər fəhləlik etmişdir. Onun cərimələrdən xəbəri olmamışdır. Bir dəfə yol vərəqəsi 1 günlük onun adına verilsə də, sonradan ləğv olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şikayətçi "xxxx" ASC-nin direktoru X3 bildirmişdir ki, avtomobili özü idarə etsə də, cərimələr X1 adına yazılmışdır. Samid şirkətdən 2023-cü ildə çıxmışdır. Samidə cərimələr barədə məlumat göndərilməmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin orqana - Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı qərardan görünür ki, X2 xx.xx.2024cü il tarixdə, saat 12:49-da istifadəsində olan “X6” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Ələt-Astara-İran yolunun 63-cü kilometrliyində yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC-nin direktoru X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2024-cü il tarixli məktubu təqdim etməzdən əvvəl iki dəfə DİN BDYPİ-nə elektron məktubla müraciət etmişlər. İXM-nin 328.1-ci maddəsinin tələbinin pozulmasına görə cəriməni həmin vaxt avtomobili idarə edən şəxs barəsində tərtib edilməsi və cəmiyyətlərinə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobilin üzərindən həbsin götürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş X7i İdarəsi tərəfindən "xxxx" ASC-nin direktoru N.Qurbanzadəyə ünvanlanmış məktubdan görünür ki, müraciətlərində qaldırdıqları məsələ ilə bağlı xx.xx.2024-cü il tarixdə avtomobili idarə edən şəxs barədə məlumat verilməsi tövsiyə olunmuşdur. Eyni zamanda bildirmişlər ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularının törədilməsi səbəbindən çıxarılmış elektron qərarlardan şikayət vermə müddəti ötürüldüyündən baxılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-811/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən X1 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İş materiallarından görünür ki, vətəndaş X1 “X6” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara-İran yolunun 63-cü kilometrliyində inzibati xəta törətməsini müəyyən etmək, inzibati xəta hadisəsi ilə bağlı foto və videogörüntü olmadan ədalətli qərar qəbul edilməsi mümkün deyildir. İXM-in 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. İXM-in 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. İXM-in 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; İXM-in 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X2 tərəfindən İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. İXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; İXM-in 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; İXM-in 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; İXM-in 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X1 İXM-in 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 328.1 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sisteminin 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli, EQ 19573775 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar