Məhkəmə qərarları › İş №3(057)-939/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-939/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-939/2024 03.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, 3 nömrəli Regional Sukanal İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X3 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Regional Sukanal İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, MN-1784616 saylı qərarla inzibati qaydada məsuliyyətə cəlb edilməklə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi məlum olmuşdur. Qərarda göstərilir ki, işə MN ******* nömrəli protokol əsasında baxılmışdır və müəyyən edilmişdir ki guya 3 saylı Regional Sukanal İdarəsinin xidmət sahəsinə aid olan Salyan rayonunun ərazisində formalaşan tullantı suları təmizlənmədən dolayı yolla xəzər dənizinə axıdılır. Lakin, qərarın qəbul edilməsi üçün əsas kimi qeyd olunan protokol ona təqdim edilməmişdir. Həm protokol həm də qərar iştirakı olmadan qəbul edilmişdir. İnzibati qərar xx.xx.2024-ci il tarixdə poçt vasitəsi ilə İdarəyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi üzrə müəyyən edilmiş pozuntuya yol vermişəm. Həmin maddənin tərkibinədiqqət yetirildikdə görünür ki, məsuliyyət su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə yaranmış olur. Halbuki, qeyd olunan iş üzrə obyektiv araşdırma aparılmadan, iş üzrə faktiki hallar müyyən edilmədən qərar qəbul edilmişdir. Rəhbərlik etdiyi İdarə birbaşa istismar etdiyi xətlərə və xidmət göstərmiş olduğu abonentlərdən qəbul etmiş olduğu çirkab suların təmizlənərək axıdılmasına görə birbaşa məsuliyyət daşıyır. İdarə rəisi olaraq verilmiş səlahiyyət çərçivəsində vəzifəsini icra edir, İdarəetməni təşkil edir. İdarənin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən İdarənin əsas vəzifəsi balansında olan su kəməri xətlərinin, qurğuların, mexaniki və texnoloji avadanlıqların müvafiq qaydada saxlanması və istismar edilməsini təmin etməkdir. Yəni İdarəyə aid olamayan hər hansı qurğuların idarə olunması onun səlahiyyətinə aid deyil. İdarəyə aid olmayan boru vasitəsi ilə dənizə çirkab su axıtdığı iddia olunan hər hansı hüquqi və fiziki şəxslərin hərəkətlərinə görə də onun məsuliyyət daşımağı tamamilə qanunsuzdur, onun hər hansı təqsiri yoxdur. Hesab edir ki, inzibati tənbehvermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən 3 nömrəli Regional Sukanal İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətdə göstərilən halları təsdiq etmiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsini dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, X6 oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tərkibi olmadığından şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, idarənin xidməti ərazisinə aid olan Salyan Sukanal sahəsi tərəfindən rayonun ərazisindən formalaşan kanalizasiya sularının bioloji rəmizləyici qurğu (BTQ) olmadan dolayı yolla Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 3 nömrəli Region Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, idarənin xidməti ərazisinə aid olan Salyan Sukanal sahəsi tərəfindən rayonun ərazisindən formalaşan kanalizasiya sularının bioloji təmizləyici qurğu (BTQ) olmadan dolayı yolla Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-1591/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şikayət öyrənilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi X11 xx.xx.2024-cü il tarixdə yəni qanunla müəyyən edilmiş müddətdə (inzibati tənbehvermə haqqında qərardan qanunvericliklə 10 gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur) məhkəməyə şikayətlə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət öyrənilərkən müəyyən edilmişdir ki, 3 saylı Regional Sukanal İdarəsi tərəfindən inzibati xəta Salyan rayonu ərazisində törədilmişdir. Bu səbəbdən də, inzibati tənbehvermə haqqında qərardan verilən şikayətin və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, X3 əməlində həmin Məcəllənin 264.0.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Belə ki, İnzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsi inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsi lazımı qaydada məlumatlandırmadan, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmadan və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilmədən, yekun olaraq formal olaraq araşdırma aparılaraq qərar qəbul olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərindən görünür ki, şəxs barəsində su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilərək su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasından görünür ki, balansında olan xətlərin (suların çirklənməsinin, zibillənməsinin) zərərli təsirinin qarşısını alan qurğuları və ya avadanlıqları olmayan şəxsin və ya müəssisənin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Lakin 3 saylı Regional Sukanal İdarəsinin xidməti ərazisində olan həmin boru xəttinin məhz həmin idarənin balans mənsubiyyətinə aid olması və X3 əməlində həmin maddənin dispozisiyasında göstərilən pozuntunun olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə X10 oğlunun əməlində qeyd olunan inzibati xəta tərkibinin olmaması səbəbi ilə tərəfindən verilmiş şikayətin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilsin. X6 barəsində inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar