Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-940/2024 23.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, himayəsində 2 azyaşlı uşağı olan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 23 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 23 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 16(057)-8/2024 saylı, 02 aprel 2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbi borclu Şəxs icra etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, protokolla tanışdır. Tələbkar həftənin şənbə və ya bazar günü uşaqları ilə ünsiyyətdə ola bilər. O məhkəmənin qərarına hörmətlə yanaşır. Sadəcə qorxmuşdur ki, uşaqları atası yenə götürüb ona qaytarmaz. Belə ki, tələbkar bir ilə yaxın onu uşaqları ilə görüşməsinə imkan verməmişdir. Uşaqlar azyaşlı olduqları üçün özləri ataları ilə görüşmək istəmirlər. Lakin buna baxmayaraq o, bu barədə yenə də uşaqları ilə söhbət aparacaqdır ki, ataları ilə görüşsünlər. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahatında göstərdi ki, borcluya icra vərəqəsinin icra edilməsi barədə xəbərdarlıq edilsə də borclu icra vərəqəsini icra etməmişdir. Məhkəmə qərardadı ilə məcburi gətirilərək 1000 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməsinə baxmayaraq o, yenədə icra vərəqəsini icra etməmiş və barəsində yenidən məcburi gətirilmə qərarı qəbul edilmişdir. Bu gün o, İcra və Probasiya Şöbəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, uşaqları ilə bir ildir ki, görüşə bilmir. Rəsmi iş yeri yoxdur. Salyan rayonu, Marışlı kəndində kənd təsərrüfatı mallarının alğı-satqısı ilə məşğul olur. Uşaqları ilə hər həftə görüşmək istəyir. Borclunun barəsində hər hansı bir inzibati tənbeh tədbirinin tədbiq edilməsini istəmir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, inzibati iş üzrə zərərçəkmiş tərəfdir. Borclu Şəxs şikayət və tələbi yoxdur. Ona hər hansı inzibati tənbeh növündə cəza verilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 16(057)-8/2024 saylı, 02 aprel 2024-cü il tarixli icra sənədinə əsasən, tərəflər arasında mübahisə başa çatanadək müvəqqəti xarakterli müdafiə tədbiri kimi Zərərçəkmiş şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a qədər ünsiyyət hüququnun verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-637/2024 saylı, 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona min manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış 09 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona sonuncu dəfə təklif olunmuşdur ki, 10 gün ərzində icra vərəqəsində göstərilən tələbi, yəni Zərərçəkmiş şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a qədər ünsiyyət hüququnun verilməsini təmin edəsiniz. Əks halda qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-493/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 16(057)- 8/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, borclu uşaqları atası ilə görüşməsinə etiraz etmir. O sadəcə qorxmuşdur ki, uşaqları atası əvvəldə olduğu kimi götürüb qaçar. Uşaqlar azyaşlı olduqları üçün özləri ataları ilə görüşmək istəməsələrdə, o uşaqları razı salmağa çalışacaqdır. Eyni zamanda tələbkar Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Şəxs şikayət və tələbinin olmadığını və ona hər hansı inzibati tənbeh növündə cəza verilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-940/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-940/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver