Məhkəmə qərarları › İş №3(057)-943/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-943/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-943/2025 25.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon İcra və Probasiya şöbəsi (icra məmuru X3) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1249/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2871,26 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 ödəməli, Salyan Rayon Məhkəməsinin 2(057)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cəmi 232,4 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 ASCnin hesabına ödəməlidir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs tərəfindən yuxarıda qeyd olunmuş icra vərəqələri üzrə ödəməli olduğu pulları ödəməmiş, ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xaricdə yaşadığı üçün bildirişləri almamışdır. O, Monteneqro şəhərində Zərərçəkmiş şəxs2 atası ilə birlikdə işləmiş, işlədiyi zaman aldığı əmək haqqından borcu tutulmuşdur. Daha sonra Türkiyə Cümhuriyyətinə getmiş, orada işləməyə başlamış, Türkiyə Cümhuriyyətindən qayıtdığı zaman Heydər Əliyev adına X4 saxlanılaraq Salyan rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs2 borcunun olmadığını, bundan əlavə Zərərçəkmiş şəxs1 ASC-nə olan borcunu tam ödəyə bilmədiyini və hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 2871,26 manat məbləğində pul və 48,70 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. “Elektron icra” informasiya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şəxs adına hər hansı bir əmlak və ya gəlir müəyyən olunmamışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, İddia tələbi qismən təmin edilmiş, X2 268 (iki yüz altmış səkkiz) manat əsas, 05 (beş) manat cərimə borcu, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi tutulub Zərərçəkmiş şəxs1 QSC-nin hesabına ödənilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1256/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1256/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Şəxs Salyan rayon İcra və Probasiya şöbəsində verdiyi izahatdan görünür ki, o, xaricidə yaşadığı üçün bildirişləri almamış, Monteneqro şəhərində işləyib Zərərçəkmiş şəxs2 pulunu qaytarmış, ona borcunun olmadığını, bundan əlavə Zərərçəkmiş şəxs1 ASC-nə olan borcunu tam ödəyə bilmədiyini və hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Şəxs Əbdulhəsən oğlunun məhkəməyə təqdim etdiyi Türkiyə Cümhuriyətində yaşamaq icazəsini təsdiq edən vəsiqəsindən görünür ki, onun 24 dekabr 2025-ci il tarixədən orada yaşamaq icazəsi var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə əksinə, borclu Şəxs borcun könüllü ödəməsi barədə bildirişləri almasından məlumatı olmadığından borcun ödənilməsindən qərəzli şəkildə boyun qaçırması təsdiqini tapmadığından icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar