Məhkəmə qərarları › İş №3(057)-947/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-947/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-947/2024 25.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş "xxxx" Şirkətinin nümayəndəsi X5 iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 azyaşlı uşağı olan, Kayman adalarının "xxxx" Şirkətində operator vəzifəsində işləyən, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Salyan RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli MN № 1988448/969 saylı inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün 25 sentyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli MN № 1988448/969 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Kürsəngi kəndi ərazisində 265 nömrəli quyunun yanında olan və quyuya vurulması üçün nəzərdə tutulan 1 tonluq dizel yanacaq tutumu olan çəndən 15 litr dizel yanacaq oğurlayaraq 15 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, zərəri ödəmişdir. Bədənində olan xəsarət izləri yanma nəticəsində qalmışdır. 4 azyaşlı övladı var. Ailənin yeganə qazanc gətirənidir. Zərəri ödəməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X3 izahatında göstərdi ki, sağlamlıq vəziyyəti normal olduğu üçün barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Təhqiqat Bölməsinə daxil olmuş material əsasında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü tam təqsirli bilir. Salyan RPŞ-nin TB-in təhqiqatçısı, polis mayoru Akif Abdullayev tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 23 sentyabr 2024-cü il tarixli qərardan şikayət etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs "xxxx" Şirkətinin nümayəndəsi X6 bildirmişdir ki, dəymiş zərər ödənilmişdir. Bu səbəbdən də, heç bir şikayət və tələbləri yoxdur. "xxxx" Şirkətinin nümayəndəsi X6 məhkəməyə yazılı ərizə təqdim edərək, şirkətə dəymiş zərər ödənildiyi üçün şikayət və tələblərinin olmadığını bildirərək ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Salyan RPŞ-nin TB-in təhqiqatçısı, polis mayoru Akif Abdullayev tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Salyan OİL Limited Əməliyyat Şirkətinin baş meneceri Ramil Əsgərovun xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş müraciəti əsasında toplanmış meterial üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Salyan rayonu, Kürsəngi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin X2 göndərilməsi qərara alınmışdır. Zərər çəkmiş şəxs Salyan Oyl Limited” Şirkətinin nümayəndəsi X6 tərəfindən yazılmış ərizədən görünür ki, şirkətə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Şəxs heç bir şikayət və tələbləri yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapsa da, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödəməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli MN № 1988448/969 saylı inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar