Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-966/2025 10.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə, 20 iyul 1995-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsi, ev 19, mənzil 2-də yaşayan X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında 01 avqust 2025-ci il tarixli, EQ 29634392 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in inzibati tənbeh vermə haqqında 01 avqsut 2025-ci il tarixli, EQ 29634392 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi və şikayət verən şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat ünvanlamamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 01 avqust 2025-ci il tarixli, EQ 29634392 nömrəli qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdən görünür ki, “salam. Bu gün yəni xx.xx.2025ci il tarixdə etibarnamə ilə idarə etdiyi ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil Salyan- Noxudlu yolu 1-ci km Salyan ist-da saat 09:25 radələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydası pozulmuş, bu səbəbdən protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli qərarla 100 manat və 03 bal cərimə edilmişəm. SMS radara əlavə edilmiş şəkillərdəndə müəyyən edilir ki, hər hansı ötmə əməliyyatı həyata keçirilməmiş, avtomobilin təkəri yalnız düz xəttin üzərində dayanmış, bu o demək deyildir ki, ötmə həyata keçirilmişdir. Ötmə əməliyyatının həyata keçirilməsini təsdiq edən hər hansı şəkil və video mövcud deyildir. Ola da bilməz çünki ötmə əməliyyatı həyata keçirilməmişdir. Həmçinin protokol tərtib edildikdən sonra 10 gün şikayət müddəti gözlənilmədən qərar qəbul edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli EQ seriyalı 29634392 nömrəli qərarın əsassız olduğu üçün ləğv edilməsinə xahiş edirəm”. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli X6 Edilməsinə dair Etibarnamədən görünür ki, X3 “Hyundai Avante minik” markalı, 77SE216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X4 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə etibarnamə əsasında vermişdir. Etibarnamə xx.xx.2027-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında; 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 29634392 saylı inzibati tənbeh vermə haqqında qərarla X8 xx.xx.2025-ci il tarixində saat 11:49-də “Hyundai Avante” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına şıxmaqla ötmə qaydalarını pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ 29634392 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət verən X7 barəsində tərtib olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr qaydalarının pozulması sürücünün konkret olaraq hansı hərəkətlərində ifadə olunduğu qeyd olunmamışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Tərtib edilmiş 01 avqust 2025-ci il tarixli, EQ 29634392 saylı qərar tərtib edilərkən sürücüyə buna dair sənədlərlə tanış olmaq hüququ vardır. Ona görə məhkəmə hesab edir, səlahiyyətli orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, şikayətə əlavə olunmuş və iş materiallarına olan foto şəkillərdə **-SE-*** dövlət qeydiyyat nişanlı Hyundai “Avante” markalı nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə kimi hərəkətlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı səlahiyyətli orqanın nümayəndəsinin iştirakı ilə bərabər hazırki inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olan inzibati xəta hadisəsinə dair materialların məhkəməyə təqdim olunması ilə bağlı müvafiq bildiriş göndərilsə də, səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tələb olunan materialları məhkəməyə təqdim etməmişdir. Digər qeyd olunmalı hal ondan ibarətdir ki, səlahiyyətli olrqan qəbul edilmiş müvafiq qərarı barəsində icraat aparılan şəxsə məlumatlandırma qaydasında təqdim etməmiş və yalnız şikayət verən şəxs X1 elektron müraciətində sonra həmin qərarı əldə etmək mümkün olmuşdur. Məhkəmə ikinci növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X7 barəsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli EQ 29634392 nömrəli qərar qəbul edilmiş, lakin buna əsas olmuş hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli EQ 29634392 saylı qərarda barəsində icraat aparılan şəxs kimi X7 əvəzinə X5 adı qeyd olunmuşdur. Qeyd olunan bu hal da məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərarın tam araşdırılmadan və barəsində icraat aparılan şəxsin şəxsiyyətini müəyyən etmədən onun barəsində müvafiq qərarın qəbul edilməsinə səbəb olan qərarın qəbul olunması ilə nəticələnmişdir. Qeyd olunan bu hallara məcmu halında qiymət verən məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin hansı inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən hansı halları müəyyən etməsi, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas olan hallar ın dairəsinə adi olan pozuntulara yol vermişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar əks olunmamışdır. Həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin təqsirliliyi hazırki inzibati iş materialları ilə sübuta yetmir. Belə ki, qərara əlavə olunmuş şəkillərlə barəsində icraat aparılmış şəxs X1 təqsirliliyini mötəbər sübutlarla təsdiq etmək nəinki mümkündür, ümumiyyətlə şikayət verən şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməklə, təqsirliliyinə dəlalət edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və onun şikayət ilə məhkəməyə müraciət etməsi özlüyündə onun müdafiə hüququnun həyata keçirilməsi vasitəsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında 01 avqust 2025-ci il tarixli, EQ 29634392 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında 01 avqust 2025-ci il tarixli, EQ 29634392 nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-966/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-966/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver