Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-97/2024 23.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Borclu Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (böyük icra məmuru X2) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-610/2015 saylı, 20 may 2015-ci il tarixli icra sənədi ilə bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, cavabdeh Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)- 610/2015 saylı, 20 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən hər ay aylıq əmək haqqının 1/4 hissəsi miqrdarında və sabit pul məbləğində 20 manat məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-610/2015 saylı, 20 may 2015-ci il tarixli icra sənədi üzrə 30 iyul 2015-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməyərək Salyan Rayon Məhkəməsinin 2(057)-610/2015 saylı, 20 may 2015-ci il tarixli icra sənədi üzrə öhdəsində olan 1364 manat aliment borcunu ödəməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirərək borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 fevral 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən, tələbkar Zərərçəkmiş şəxs aliment borcu yaranmışdır. 2023-cü ilin aprel ayından işdən azad olunduğu üçün həmin dövrdən bu günədək cəmi 690 manat aliment pulu, həmçinin, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aliment borcundan əlavə olaraq 400 manat ödədiyini, qalan borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını bildirmişdir. Qəbzləri məhkəməyə təqdim edərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, icra vərəqəsi üzrə 2023-cü ildən bu vaxtadək yaranmış aliment borcunun, yəni 1364 manat aliment məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Özünün və övladının dolanışığında çətinlik çəkir. Borclu əmək haqqı almasa da, orta aylıq əmək haqqı üzrə həmin məbləğin 1/4 hissəsinin, təxminən, 130-150 manat alimentin ödənilməsinə etiraz etmir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-610/2015 saylı, 20 may 2015-ci il il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay aylıq əmək haqqının 1/4 hissəsi miqrdarında və sabit pul məbləğində 20 manat məbləğində aliment tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 30 iyul 2015-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-610/2015 saylı, 20 may 2015-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs tərəfindən Salyan rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, o icra sənədindən xəbərdar olduğunu, Salyan Rayon Məhkəməsinin 2(057)-610/2015 saylı, 20 may 2015-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs olan, o vaxtadək hesablanmış 1364 manat aliment borcundan imtina etmədiyini, həmin günədək aliment borcundan 690 manat ödəniş etdiyini, hazırda işsiz olduğundan alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Ödənişləri özündə əks etdirən qəbzlərdən görünür ki, Şəxs tərəfindən hər ay zərərçəkmiş şəxsə aliment ödənişi köçürülmüş, sonuncu ödəniş isə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə həyata keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəyə bilməmiş, icra vərəqəsi üzrə müəyyən edilmiş aliment borcunu hissə-hissə ödəməklə onu ödəməkdən qəsdən yayınmamış, 2023-cü ildən sonra işsiz qalması səbəbdindən alimenti ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini son aylarda ödəyə bilməmiş, həmin vaxtadək isə işləyərək hər ay vaxtlıvaxtında icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği ödəmiş, bu günədək zərərçəkmiş şəxs tərəfindən hər hansı şikayət daxil olmamış, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 9 ilə yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi, Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, bu səbəbdən işləməməsi, hər ay mütəmadi olaraq alimenti ödəməsi, cəmi son aylardır ki, işləməməsi səbəbindən ödəyə bilməməsi, həmçinin borcundan əlavə olaraq 400 manat ödədiyi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-97/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-97/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver