Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-971/2025 10.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, DİN-nin Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X1 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X2 DİN-nin Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən İXP7328325 saylı elektron protokol və onun əsasında TP ******* saylı qərar qəbul edilmişdir. Tam əminliklə bildirir ki, bu inzibati protokol və əsasında tərtib edilmiş qərar əsassızdır. Göstərilənlərə əsasən bildirir ki, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmadığından ləğv edilməli və iş üzrə icraata xitam verilməli, barəsində verilmiş tənbeh silinməlidir. Bununla bağlı qeyd edilən protokol və qərar ona təqdim edilməmişdir. Yalnız dəfələrlə xahişləri və müraciətlərindən sonra həmin protokol və qərarı əldə etmişdir. Belə ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib olunmuşdur, lakin onun əməlində heç bir inzibati xəta olmamışdır. Belə ki, inzibati protokolun tərtib edilməsi güya onun Bakı şəhəri Y.Səfərov küçəsi 3-də işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə olmuşdur. Lakin bu tamamilə əsassızdır. Belə ki, inzibati xətanı törətməyilə bağlı “ASAN PAY” ödəniş sistemində və ya hər hansı bir sistemdə sübut – şəkil və ya video yazı əlavə edilməmişdir. Bu da, inzibati xətanı törətməsi ilə bağlı əsaslı şübhələr ortaya çıxarır. İnzibati xətanın törədilməsi zamanı dövlət orqanı tərəfindən qeydə alınması yalnız lisenziyalı, saz vəziyyətdə olan müəyyən texniki vasitələrlə qeydə alına bilər. Daxili İşlər Nazirliyi Bakı şəhəri X4 İdarəsi tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayət verən şəxs X2 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 133.2.4-cü maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində DİN-nin Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Bakı şəhəri Y.Səfərov küçəsi 3-də, xx.xx.2025-ci il tarixində, saat 14:39-da “Mercedes Benz S350” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXMin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. DİN-nin Bakı şəhər X4 İdarəsinin nümayəndəsi lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, həmçinin, həmin orqanın əməkdaşı tərəfindən qəbul edilmiş qərarın müdafiəsi məqsədilə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, inzibati xətanın törədilməsi ilə bağlı hər hansı sübut olmadığından iş üzrə inzibati qərara xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X1 hərəkətində inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş DİN-nin Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və başlanmış inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X2 barəsində DİN-nin Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-971/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-971/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver