Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-986/2025 15.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi baş-məsləhətçi müfəttiş X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş MN ******* nömrəli, 25 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 12 avqust 2025-ci il tarixdə, saat 16:45-də Şəxs MMC-yə məxsus “Yolüstü” restoranının həyətində xüsusi icazə sənədləri olmadan, vəhşi heyvanların təbii mühitdən götürülərək, kustar üsulla hazırlanmış dəmir qəfəsdə saxlanılması faktı aşkar olunmuş, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi pozulmuşdur. Məhkəmə iclasında iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, tərəflərindən vəzifəli şəxs barəsində də protokol tərtib olunduğunu bildirmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, lakin həmin hüquqi şəxsin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, qeyd olunan inzibati xətanın hüquqi şəxsin ümumi fəaliyyətindən deyil, birbaşa həmin işə cavabdeh olan vəzifəli şəxsin vəzifə borcunu yerinə yetirməməsindən irəli gəldiyini, bu səbəbdən inzibati protokol üzrə işin hüquqi şəxs barəsində deyil, faktiki olaraq məsul olan vəzifəli şəxs barəsində baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 230-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş çoxsaylı müraciətlərin məzmunundan görünür ki, “Bakı-Masallı yolunda yerləşən “Yolüstü” restoranının həyətində tülkülər dar qəfəsdə ac-susuz saxlanılır. Görüntülər artıq sosial şəbəkələrdə yayılıb.” 3 saylı RETSİ-nin əməkdaşları tərəfindən 12 avqust 2025-ci il tarixdə tərtib olunmuş 91032 nömrəli aktın surətindən görünür ki, həmin tarixdə ETSN-nin 168 saylı Çağrı Mərkəzinə daxil olan çoxsaylı şikayətlər əsasında araşdırmalar aparılarkən aşağıdakılar aşkar edilmişdir: şikayətlərdə qeyd olunmuşdur ki, “Yolüstü” adlı restoranın həyətində acsusuz şəkildə qəfəsdə tülkülər saxlanılır. Bunda başqa “Tik-Tok” sosial şəbəkəsində videoçarx hazırlanaraq 4 (dörd) baş tülkünün acınacaqlı vəziyyətdə kustar üsulla hazırlanmış dar qəfəsdə, günəş altında saxlanılmasını əks etdirən görüntülər yayımlanmış və sözügedən görüntülər heyvan sevənlərin narazılığına və şikayətinə səbəb olmuşdur. Qeyd olunan xüsusatlarla bağlı araşdırma zərurəti yarandığından Salyan rayonunun inzibati ərazisində Ələt-Astara magistral avtomobil yolunun kənarında yerləşən “Yolüstü” restoranın ərazisində heyvanların saxlanıldığı yerə tərəfindən baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, restoranın həyətində açıq günəş altında yerləşdirilmiş kustar üsulla hazırlanmış qəfəs yerləşdirilmişdir. Qəfəsə keçirilən baxış zamanı videogörüntülərdə əks olunan dörd baş tülkünün təxminən 3-4 saat araşdırmadan öncə buraxıldığını müəyyən etdilər. Bununla bağlı Şəxs MMC-nin əməkdaşı Yolüstü restoranı sözügedən şirkətinə məxsusdur. X5 məlumat verərək bildirir ki, heyvanları tərk edilmiş vəziyyətdə olduğundan böyütmək məqsədilə kollektorun ətrafından götürmüşlər. Məqsədləri heyvanları böyütmək və qulluq göstərmək olmuşdur. Lakin araşdırma müddətində araşdırmaya aid müvafiq sənədləri və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının 21-ci maddəsinə əsasən vəhşi heyvanların təbii mühitdən götürülməsi barədə xüsusi icazə sənədlərini onlara təqdim etmədilər. Şirkətin nümayəndəsi Asif Əliyev onuda bildirdi ki, qeyd olunan faktlarla bağlı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları 4-5 saat əvvəl gəlib yerində baxış keçirilmiş, izahatları alınmışlar. Araşdırmanın nəticəsi olaraq müəyyən olundu ki, şirkətin fəaliyyəti nəticəsində heyvanlar ailəvi obyektləri təbii mühitdən xüsusi icazə sənədləri olaraq götürülmüş və istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və videogörüntüdən görünür ki, “Yolüstü” restoranının həyətində tülkülər kustar üsulla hazırlanmış dar qəfəsdə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 230-cu maddəsinə əsasən, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə - fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir. Göstərilən məqsədlər üçün vəhşi heyvanların tutulması (əldə edilməsi) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişlə təbii mühitdən götürülmüş və ya satın alınmış vəhşi heyvanlar (Azərbaycan respublikasının Qırmızı kitabına daxil edilənlərdən başqa) fiziki və hüquqi şəxslərin mülkiyyəti hesab edilir. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla qanuni əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir. Xüsusi icazə əsasında təbii mühitdən götürülməsi və ya digər qanuni yollarla əldə edilməsi barəsində sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır. Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların siyahısı, habelə onların saxlanmasına, mühafizəsinə və istifadəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC-yə məxsus “Yolüstü” restoranının həyətində xüsusi icazə sənədləri olmadan, vəhşi heyvanların təbii mühitdən götürülərək, kustar üsulla hazırlanmış dəmir qəfəsdə saxlanılması faktı aşkar olunmuşdur. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, heyvanların saxlanılmasının məqsədi restoranın təsərrüfat fəaliyyətində müştərilərin marağını cəlb etmək, müəssisəyə daha çox müştəri toplamaqla gəliri artırmaq olmuşdur. Bu isə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin, yəni Şəxs MMC-nin kommersiya fəaliyyətinin tərkib hissəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, hüquqi şəxs öz adından fəaliyyət göstərərkən törətdiyi inzibati xətalara görə məsuliyyət daşıyır. Hüquqi şəxsin inzibati məsuliyyəti onun orqanları və ya vəzifəli şəxsləri tərəfindən həmin hüquqi şəxsin adından həyata keçirilən hərəkətlərə görə tətbiq edilir. Müştərilərin cəlb olunması məqsədilə heyvanların qəfəsdə saxlanılması birbaşa müəssisənin fəaliyyətindən irəli gəlmişdir. Bundan başqa, “Heyvanlar aləmi haqqında” Qanunun 21-ci maddəsinə əsasən, vəhşi heyvanların qeyri-sərbəst şəraitdə saxlanılması yalnız müvafiq icra hakimiyyətinin xüsusi icazəsi əsasında mümkündür. Restoran tərəfindən hər hansı xüsusi icazənin təqdim olunmaması faktı, bu heyvanların qanunsuz saxlanıldığını təsdiq edir. Əraziyə baxış zamanı çəkilmiş fotoşəkillərdə tülkülərin dar və antisanitariya şəraitində, hərəkət imkanlarının məhdudlaşdırıldığı aydın görünür. Heyvanların üzündə stress və əzab əlamətləri müşahidə olunur. Bu hallar həm “Heyvanlar aləmi haqqında” qanunun, həm də ekoloji normaların pozulmasıdır. Fotoşəkillər iş üzrə tərtib olunmuş akt və protokolun əsaslılığını təsdiq edən vizual sübut kimi qəbul edilməlidir. Nəticə olaraq, müştərilərin marağını cəlb etmək məqsədilə restoranın həyətində tülkülərin qanunsuz şəkildə qəfəsdə saxlanılması faktı hüquqi şəxsin təsərrüfat fəaliyyəti çərçivəsində baş verdiyindən, MMC barəsində inzibati protokolun tərtib edilməsi və cərimənin tətbiqi tam əsaslı və qanunauyğundur. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər, iş materiallarında olan sənədlərin qarşılıqlı şəkildə tədqiqi ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan yazılı şəkildə qərarı qəbul edən məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-986/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-986/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver