Məhkəmə qərarları › İş №3(057)-989/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-989/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-989/2023 04.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1883038/1064 saylı 04 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün 04 oktyabr 2023-cü il tarixdə məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında MN seryalı № 1883038/1064 saylı 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Salyan rayonu, Noxudlu kəndi ərazisində çöl quşları ovlayaraq inzibati xəta törətmişdir. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1883038/1064 saylı 04 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X8 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək, Şəxs barəsində qanuna müvafiq qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, tanışları ilə birlikdə istirahət məqsədi ilə Kür çayının sahilində olarkən iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq, onda olan ov silahı ilə maraqlanmışdır. Həmin günü 04 ədəd çöl göyərçini ovlamışdır. Polis əməkdaşları ilə birlikdə Salyan rayon PŞ-nin inzibati binasına getmişdir. Müvafiq icazə olmadan ov etdiyi üçün peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 23 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs, X1, X5, X7 və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbirlərin görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmiş, X2 və X4 hərəkətlərində hər hansı inzibati hüquqpozmanın əlamətləri müəyyən edilmədiyindən onların barəsində inzibatı icraatın başlanılması rədd edilmiş, Şəxs, X1, X5, X7, X6, X2 və X4 əməllərində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, Şəxs, X9 və X10 tərəfindən ümumilikdə cəmi 6 (altı) ədəd göyərçin quşunun qanunsuz olaraq ovlanması nəzərə alınmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məktubuna əsasən Şəxs qanunsuz olaraq ovladığı 4 (dörd) ədəd göyərçin quşuna görə təbiətə 22,0 manat, X6 qanunsuz olaraq ovladığı 1 (bir) ədəd göyərçin quşuna görə təbiətə 5,5 manat və X7 qanunsuz olaraq ovladığı 1 (bir) ədəd göyərçin quşuna görə təbiətə 5,5 manat zərər vurduqları nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş M-65 saylı Şəhadətnaməyə əsasən 10 oktyabr 2015-ci ildə Şəxs 12 kalibrli, “MR-155” markalı, ********** nömrəli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas inzibati tənbeh kimi xüsusi hüququn məhdudlaşdırılmasının, əlavə tənbeh növü kimi isə inzibati xətanın törədilməsində alət olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar