Məhkəmə qərarları › İş №3(058)-1/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-1/2024

01.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-1/2024 01.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux RPŞ-nin polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Samux rayonu Alabaşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Samux rayonu Alabaşlı qəsəbəsi ərazisində ictimai qaydanı pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Samux PPŞ-nin sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, protokolu Samux RPŞ-nin polis nəfəri, polis serjantı Azər Mehtiyevin xx.xx.2023-cü il tarixli raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları xidmətdə olarkən təxminən saat 10:45 radələrində, Samux rayonu Alabaşlı kəndində Şəxs adlı şəxs öz vəzifələrini icra edən yol polisi əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək ictimai qaydanın pozulmasına səbəb olmuş, ondan hərəkətlərini dayandırması xahiş olunmuş, lakin o hərəkətlərini davam etdirmiş, polis əməkdaşları əlavə kömək çağıraraq onun qarşısını almağa çalışmışlar. Şəxs ictimai qaydanı pozmaqla yanaşı həmçinin polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, Polis Şöbəsinə aparılmışdır. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, həmin hadisə zamanı o, əsəbi olub, əsəbi olduğu üçün onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərini davam etdirib. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 10:45 radələrində, Samux rayonu Alabaşlı kəndində Şəxs adlı şəxs öz vəzifələrini icra edən yol polisi əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək ictimai qaydanın pozulmasına səbəb olmuş, ondan hərəkətlərini dayandırması xahiş olunmuş, lakin o hərəkətlərini davam etdirmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, adı sonradan onlara məlum olan Şəxs adlı şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:45 radələrində, Samux rayonu Alabaşlı kəndində onlara öz vəzifələrini icra etməkdə maneçilik törətmiş, özünü yalan olaraq jurnalist kimi təqdim edərək onların video çəkilişini aparmış və həmin yerdə xidmət aparmalı olmadıqlarını bildirmişdir. Bu hərəkətlərini dayandırması tələb olunduqda o, polisi əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək ictimai qaydanın pozulmasına səbəb olmuş, onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli raportdan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonu Alabaşlı kəndində polis əməkdaşlarına öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onlara qarşı nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahid ifadələri ilə tam sübuta yetirilir. Şəxs ictimai yer olan, Samux rayonu Alabaşlı kəndində küçədə yol patrul xidməti əməkdaşlarına öz vəzifələrini icra etməsinə maneçilik törədərək onlara qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 31 dekabr 2023-cü il saat 11:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar