Məhkəmə qərarları › İş №3(058)-101/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-101/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-101/2024 06.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə Regional Ədliyyə İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Samir Cəfərov tərəfindən tərtib edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Samux Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 04 saylı qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Bununla da Samux Bələdiyyəsinin sədri Şəxs İXM-in 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə Regional Ədliyyə İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Samux bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs izahatından görünür ki, o, izahatında Samux bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 04 saylı iclas qərarının surətini inzibati nəzarəti həyata keçirən orqana 5 iş günü müddətində təqdim etməli olduğu halda, səhlənkarlıq səbəbi ilə xx.xx.2024-cü il tarixdə yəni, 5 iş günündən gec təqdim etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətində inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Samux Bələdiyyəsinin sədri Şəxs bələdiyyənin xx.xx.2024-cü il tarixli 04 saylı qərarını inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsi tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ilk dəfə törədilməsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cəriməni aşağı həddə təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı: Samux Bələdiyyəsinin sədri Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar