Məhkəmə qərarları › İş №3(058)-109/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-109/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-109/2024 22.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 07 may 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-169/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 100 manat məbləğində aliment tutularaq cavabdeh X3 verilməli, həmçinin xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 3 yaşı tamam olanadək alimentdən əlavə hər ay 50 manat Şəxs alınaraq X3 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs izahatı alınmış, sorğular verilmiş, tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur, indiyədək ödəyə bilməməsinin səbəbi maddi imkansızlıq və psixi xəstəliyinin olmasıdır. Hazırda borcundan 500 manat ödəniş edib. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 8(058)-93/2021 saylı, 16 avqust 2021-ci il tarixli qərərdadının surətindən görünür ki, Şəxs icra sənədi üzrə borcunu tam ödəyəndək Azərbaycan Respublikasını tərk etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş çox saylı xəbərdarlıqlardan görünür ki, borclu Şəxs məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X1 hesabına 150 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X1 hesabına 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 27 fevral 2007-ci il tarixli 639 nömrəli, xəstəlik haqqında şəhadətnamədən görünür ki, Şəxs - mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, şizofrenəbənzər psixoz diqanozu qoyulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs psixoloji xəstəlikdən əziyyət çəkməsi, onun məhkəmə iclasında verdiyi izahatında icra sənədi üzrə borcunu məhz düçar olduğu xəstəlik səbəbilə işləyə bilməməsi üzündən ödəyə bilmədiyini bildirməsi və məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcundan ödəniş etməsi onun borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar