Məhkəmə qərarları › İş №3(058)-110/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-110/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-110/2023 19.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Samux rayon Alıuşağı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Samux Rayon Prokurorluğunda tərtib olunmuş material baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Samux Rayon Prokurorluğu tərəfindən tərtib olunmuş 05 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haaqında qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrinədək olan müddət ərzində Samux rayon Alıuşağı kəndi ərazisində yerləşən X2 icarə əsasında işlətdiyi çayxanada X3, X4, X1 və X5 ilə birlikdə oyun kartları vasitəsilə pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oynamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Samux Rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə isə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi onun həmin ünvanda yaşamaması səbəbi ilə geri qayıtmışdır. Buna görə də məhkəmə işə Samux Rayon Prokurorluğunun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrinədək olan müddət ərzində Samux rayon Alıuşağı kəndi ərazisində yerləşən X2 icarə əsasında işlətdiyi çayxanada X3, X4, X1 və X5 ilə birlikdə oyun kartları vasitəsilə pul vəsaitləri barəsində oynanılan qumar oynamışdır. İş materiallarında olan “baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış və götürmənin aprıldığı yer Samux rayonu Alıuşağı kəndində yerləşən çayxana kimi fəaliyyət göstərən obyektdə baxış zamanı stolun üzərində 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq əskinaz və 36 ədəd oyun kartı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında materialda olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati xətanın predmeti müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın predmeti olan 25 (iyirmi beş) manat pul vəsaiti və 36 ədəd oyun kartları müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar