Məhkəmə qərarları › İş №3(058)-112/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-112/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-112/2024 21.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Samux rayonu Sarıqamış kəndində xx.xx.1964-cü il tarixdə anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Sarıqamış kənd ərazisində yaşadığı həyətyanı yaşayış evinin qarşısındakı bələdiyyə mülkiyyətində aid olan açıq sahəyə plastik boru vasitəsi ilə içməli məişət, texniki və tullantı suları axıdılır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşı tərəfindən tərtib olunmuş 10 may 2024-cü il tarixli aktdan görünür ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 may 2024-cü il tarixli 54 saylı sərəncamı əsasında həmin tarixdə Samux rayonu Sarıqamış kənd sakini X3, kənd sakini Şəxs tərəfindən çirkab suların yaşayış ərazisinə axıdılması və tədbir görülməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-14/1-2-953-3/2024 nömrəli müraciəti əməkdaşlar tərəfindən Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Sarıqamış kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəsi Əmiraslan Məmmədovun, Seyidlər bələdiyyəsinin sədri Nailə Əhmədovanın, şikayətçi Ülfət Ələkbərovun və şikayət olunan Şəxs iştirakı ilə yerində araşdırma aparılmış, Sarıqamış kənd sakini Şəxs məxsus həyətyanı yaşayış sahəsinin qarşısındakı açıq əraziyə beton örtüklü su quyusuna quraşdırdığı, həyətyanı sahəsində formalaşan çirkab suların beton örtüklü quyuya axıdıldığı, həmin yaşayış evindən qeyd olunan açıq əraziyə əlavə plastik borunun çəkildiyi, borudan zəif maye axıntısı axdığı, bundan əlavə sözügedən sahədə məişət tullantıların qalaqlanması halları və içməli məişət texniki və tullantı sularını kənara təyinatsız axıdan şəxsin Samux rayon Sarıqamış kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, Şəxs inzibati tənbeh kimi cərimə tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar