Məhkəmə qərarları › İş №3(058)-112/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-112/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-112/2025 27.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-nin polis baş X1nun, Şikayətçi Əliyev Yavər Hicran oğlunun iştirakı ilə, Gəncə şəhər BPİ-nin DYPŞ-nin 14 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Əliyev Yavər Hicran oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin DYPŞ-nin 14 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Əliyev Yavər Hicran oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan Əliyev Yavər Hicran oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 11:24-də X7 prospekti 73.GPS.40.6981217.3668028 ərazidə MİTSUBİSHİ 1200 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Gəncə şəhərində adını bilmədiyi 2 nəfər polis əməkdaşı onun avtomobilini saxlamışlar. Polis əməkdaşı ona yaxınlaşaraq telefonla danışdığını bildirmiş, o, polis əməkdaşına telefonla danışmadığını və telefon istifadə etmədiyini bildirmişdir. Əgər danışmışsa da xahiş etmişdir ki, ona video və ya bir görüntü göstərsin. Buna görə də 342.6-cı maddədə nəzərdə tutulmuş inzibati xəta törətməkdə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlaqə saxlamaqla ondan istifadə etməsinə görə Gəncə şəhər DYPŞ-nin polis Baş X1 tərəfindən qərar yazılmışdır. X6 Məcəlləsinin 342.6-cı maddəsinə əsasən 50 manat cərimə göndərilmişdir. Gəncə şəhər DYPŞ-nin polis əməkdaşlarının ona yazdığı cərimə əsassızdır. X9 əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmişlər. Bundan sonra ona xx.xx.2024-cü il tarixli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar vermişlər. Həmin qərara əsasən ona 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Həmin qərarı Gəncə şəhər DYPŞ-nin polis Baş X1 qəbul etmişdir. Gəncə şəhər DYPŞ-nin polis Baş Leytenantı onu təqsirli bilməyi qanunvericiliyin tələblərinə ziddir. Bununla əlaqədar X3 tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilindiyi əsassızdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs Əliyev Yavər Hicran oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun barəsində iki protokol tərtib edilmiş, bir protokol bir il bundan əvvəl, digər protokol isə iki ay yarım bundan əvvəl tərtib edilmişdir. O, “DYP.AZ” saytına şikayət ünvanlayaraq, hər iki protokolun qərarsız olduğu halda niyə sistemdə durduğunu soruşmuş və qərarsızdırsa sistemdən silinməsini və ya qərar qəbul edilməsini istəmişdir. Bundan sonra bir il əvvəl yazılmış protokol sistemdən silinmiş, ay yarım ondan əvvəl yazılmış protokol üzrə qərar qəbul etmişlər. O, qərardan şikayət vermişdir. Ona cərimə yazılan zaman o, Gəncə şəhəri, “Azərittifaq” adlanan ərazinin işıqforunda dayanmış, polis əməkdaşı ona yaxınlaşaraq, telefonla danışdığını bildirmiş, o, isə cavabında telefonla danışmadığını bildirmişdir. O, adətən sükan arxasında oturan zaman qolunu avtomobilin pəncərəsinə söykəyib avtomobili idarə edir. Polis əməkdaşı onun barəsində protokol tərtib ediləcəyini bildirmiş, o, isə həmin protokolun tərtib olunub evinə göndərilməsini polis əməkdaşına demişdir. 14 noyabr 2024-cü il tarixdə onun barəsində protokol tərtib edilmiş, o, şikayət etdikdən sonra, ay yarım sonra, yəni 25 dekabr 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Gəncə şəhər Polis şöbəsi tərəfindən ona zəng olunmuş və izahatı alınması üçün o, idarəyə dəvət olunmuşdur. O, həmin əməkdaşa Samux rayon sakini olduğunu, işin Samux rayon Polis şöbəsinə göndərilməsini bildirmişdir. Həmin əməkdaş protokola qərar vurulduğunu demiş, o, isə həmin əməkdaşdan qərarın hansı əsasla vurulmasını soruşmuşdur. Polis əməkdaşı ona telefonla danışdığı üçün həmin qərarın vurulduğunu bildirmiş, o, isə polis əməkdaşına sübutu olmadığını və qərarın 10 iş günü ərzində vurulmalı olduğunu bildirmişdir. Qərar əsassızdır, belə ki o, telefonla danışmamışdır, həmçinin qərar müddət ötürülməklə, yəni o, şikayət etdikdən ay yarım sonra vurulmuşdur. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş X3 bildirdi ki, sürücü Gəncə şəhəri, Ş.İ.Xətai prospekti - “Züqo” şadlıq sarayının qarşısında onunla qarşıqarşıya keçmiş, sürücü işıqforda dayanan zaman o, sürücüyə yolun sağında saxlamasını bildirmişdir. Sürücü “Azərittifaq” adlanan ərazidə avtomobili saxlamış, o, sürücüyə yaxınlaşaraq, özünü təqdim etmiş və sürücüyə telefonla danışdığını bildirmişdir. Sürücü avtomobildən düşmədən ona “danışıram-danışıram, protokolunu yaz” demişdir. O, protokolu qərarsız vurmuş, qərar 10 gün müddətində vurulmalı idi, lakin gec vurulmuşdur. Video disk və səs yazıları yoxdur. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə, şikayətçinin və inzibati protokol tərtib etmiş şəxsin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis baş X1 tərəfindən tərtib edilmiş 14 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Əliyev Yavər Hicran oğlu tərəfindən 14 noyabr 2024-cü il tarixdə, saat 11:24-də Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis baş X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 25 dekabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Əliyev Yavər Hicran oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə əvvəla qeyd edir ki, Əliyev Yavər Hicran oğlu barəsində inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bir sıra prosessual tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə baxılması zamanı iştirakının təmin edilməsi zəruridir. Əliyev Hicran Yavər oğluna inzibati xəta haqqında işə baxılarkən məlumat verilməməsi, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması onun müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, qanunverici inzibati xətalar qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə zərər yetirən inzibati xətalara dair işlər üzrə tam, hərtərfli və obyektiv araşdırma aparılmasını, inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsini məhkəmələrin, kollegial orqanların və səlahiyyətli orqanların üzərinə vəzifə kimi qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi üçün qeyd edilən orqanlar inzibati xəta hadisəsinin olub-olmamasını, xətanı törədən təqsirkar şəxsləri müəyyən etməlidirlər. İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmələrin və səlahiyyətli orqanların qarşısında duran vəzifələrdən ən başlıcası inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsi, eyni zamanda inzibati xəta hadisəsi ilə bağlı işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqdan ibarətdir. İnzibati xata haqqında hazırkı işin materiallarından görünür ki, inzibati xəta haqqında işə baxmaq hüququ olan səlahiyyətli orqanın vəzifəli şəxsi qanunvericiliyin tələblərini pozmaqla işə baxmışdır. Belə ki, İXM-in 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək. İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş olan şəxsin işə baxılmasında iştirak etmək hüququnun təmin edilməsinin səlahiyyətli orqanların vəzifəsi olmasına baxmayaraq, hazırkı iş üzrə Gəncə şəhər BPİ-nin X8 Şöbəsinin vəzifəli şəxsi onun iştirakını təmin etməmiş, bununla yanaşı eyni zamanda onu İXM-in 61.1-ci maddəsində nəzərdə tutulan hüquqlarını həyata keçirməkdən məhrum etmişdir. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan Əliyev Yavər Hicran oğlunun barəsində 14 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, səlahiyyətli orqan tərəfindən ona bildiriş göndərilməmiş, onun məlumatı olmadan onun barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, qərarın qəbulu müddətini ötürərək, İXM Məcəllənin 111.1-ci maddəsinin tələblərinə əməl etməmiş, bununla da İXM-in 60.3, 61.1, 111.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Əliyev Yavər Hicran oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə şəhər BPİ-nin X8 Şöbəsi tərəfindən Əliyev Yavər Hicran oğlunun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Gəncə şəhər BPİnin X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar