Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-116/2024 20.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs polis şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin sahə rəisi polis kapitanı X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux Rayon Polis X1 qrupunun əməliyyat müvəkkili X3 raportu əsasında tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Şəxs Samux rayonu Polis Şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçı polis mayoru Murad Balakişiyevin icraatında olan material ilə bağlı Samux RPŞ-ə dəvət edilmişdir. Şəxs polis şöbəsinin inzibati binasında olarkən ucadan ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olamayaraq öz hərəkətlərini davam etdirmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, polis şöbəsində izahatı alınan zaman polis əməkdaşı ona qarşı nəlayiq ifadələr işlədərək onu çölə çıxartmağa çalışmışdır. O, polis şöbəsində səs-küy salmamış, polisə tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili X7 bildirdi ki, Şəxs izahatının alınması üçün xx.xx.2024-cü il tarixdə Samux rayonu Polis Şöbəsinə dəvət edilmişdir. O, əvvəlcə özünü normal aparsa da, daha sonra əsəbləşərək səs-küy salmış və aqressiv hərəkətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili X4 bildirdi ki, Şəxs izahatının alınması üçün xx.xx.2024-cü il tarixdə Samux rayonu Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman o, polis şöbəsinin inzibati binasında polis əməkdaşı Sərxan Sadıxovla mübahisə etmiş, polisin inzibati binasında səs-küy salmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində həm İXM-nin 510-cu, həm də İXM-nin 535.1-ci maddəsilə ayrı-ayrılıqda protokol tərtib edilmiş, dəftərxanada həmin protokollar ayrı-ayrılıqda iş kimi qeydə alınaraq fərqli hakimlərin icraatına verilmişdir. Həmin protokollardan biri üzrə, yəni Şəxs İXM-nin 510-cu maddəsilə təqsirləndirilməsi barədə materiala məhkəmənin digər hakimi tərəfindən baxılmış, Şəxs həmin qərara əsasən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə ttulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-116/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-116/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver