Məhkəmə qərarları › İş №3(058)-117/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-117/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-117/2023 19.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 08 may 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux rayon Məhkəməsinin 2(058)-350/2020 saylı, 03 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 7200 manat pul alınaraq X2 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmənin 08 may 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcunu ödəməməsinin səbəbi işsiz olması olmuşdur. Ona borcundan ödəniş etməsi üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən borclu Şəxs icra səndi üzrə borcunu ödəməsi üçün vaxt verilərək məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. 19 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində icra sənədi üzrə borcundan ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon Məhkəməsinin 2(058)-350/2020 saylı, 03 iyun 2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs 7200 manat pul alınaraq X1 xeyirinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, hər bir icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcu vaxtında ödəməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə onun İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs onun xahişi ilə borcunu ödəməsi üçün məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan müəyyən məbləğdə ödəniş etməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar