Məhkəmə qərarları › İş №3(058)-12/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-12/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-12/2024 08.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis X3 Xidmətinin polis kiçik serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müseyib oğlunun iştirakı ilə, xx.xx.1955-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ev 8, mənzil 1-də qeydiyyatda olan və yaşayan Şəxs Müseyib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X3 Xidmətindən Şəxs Müseyib oğlunun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Müseyib oğlunun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Müseyib oğlu xx.xx.2023-cü il tarixdə DAİMLER CHRYSLER C180 MİNİK markalı 20CL150 dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu ərazisində, alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Samux rayonu ərazisində Şəxs Müseyib oğlunun idarə etdiyi DAİMLER CHRYSLER C180 MİNİK markalı, 20CL150 dövlət qeydiyyat nişanlı avtomobili saxlayarkən sürücüdən spirtli içkinin qoxusu gəlmiş, buna görə də xüsusi texniki vasitə ilə onun alkoqollu olub-olmaması yoxlanılmış və nəticədə onun alkoqollu olduğu müəyyən edilmişdir. Ona görə də Şəxs Müseyib oğlunun İXM-nin 333.1-ci maddəsinin tələblərini pozması barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müseyib oğlu bildirdi ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır, o, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs Müseyib oğlunun alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilmiş, nəticədə onun qanında alkoqolun konsentrasiyasının 0,309 promilli olduğu müəyyən edilmişdir. Şəxs tibbi müayinədən keçirilməsinə zərurət olub-olmadığı soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs Müseyib oğlu xx.xx.2023cü il tarixdə DAİMLER CHRYSLER C180 MİNİK markalı 20CL150 dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Müseyib oğlunun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Samux RPŞ-nin YPX-nin polis kiçik serjantı R.Aliyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs Müseyib oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Müseyib oğlu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Müseyib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəi üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar