Məhkəmə qərarları › İş №3(058)-120/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-120/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-120/2023 15.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510-cu və 535.1-ci maddələri ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü ildə Samux rayon Qarayeri qəsəbəsində olan zaman nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X7, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, O, 15 may 2023-cü il tarixdə 15 yaşlı övladı X5 ona məxsus “VAZ 2106” markalı **-BC-*** avtomaşını vermişdir ki, bərbərə gedib saçını qırxdırsın. X1 rayon ərazisində polis əməkdaşları saxlamış və bu barədə oğlu ona zəng etdikdən sonra o, dərhal hadisə yerinə getmiş, özünə məxsus “Niva” markalı avtomobil ilə Yol Patrul Xidməti əməkdaşlarına məxsus avtomaşının qabağını kəsərərək, onların qanuni fəaliyyətinə maneə olaraq oğlunun cərimə meydançasına aparılmasının təmin edilməsini əngəlləməyə çalışmış və uca səslə polis əməkdaşlarının ünvanına söymüşdür. Bundan sora polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin YPX-nin polis inspektoru X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə-Qarayeri ərazisində X2 ilə birlikdə xidmətdə olarkən «VAZ 2106» markalı **-BC-*** nömrəli avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmış, həmin vaxt müəyyən olmuşdur ki, sürücü yetkinlik yaşına çatmamış və sürücülük vəsiqəsi yoxdur. Bu səbəbdən «VAZ 2106» markalı **-BC-*** nömrəli avtomaşın tərəflərindən Samux rayon Polis şöbəsinin cərimə meydançasına yerləşdirmək istəmişlər, həmin vaxt sürücünün atası Şəxs idarə etdiyi “Niva” markalı avtomobil ilə onların avtomaşının qabağını kəsərərək, onların qanuni fəaliyyətinə maneə olaraq sürücünün cərimə meydançasına aparılmasının təmin edilməsini əngəlləməyə çalışmış və uca səslə polis əməkdaşlarının ünvanına, həmçinin onların ünvanına çox pis formada nalayiq söyüşlər söyərək avtomaşının təcili buraxılmasını tələb etmişdir. Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 eyni məzmunlu izahat verərək, X4 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 15 may 2023cü tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində olan zaman nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb edərək, ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi hissəsində işin icratına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 04 (dörd) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 may 2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar