Məhkəmə qərarları › İş №3(058)-122/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-122/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-122/2024 30.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Samux şəhərində fərdi fəaliyyət göstərən Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs polis şöbəsinin inzibati binasında həyətində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin sahə rəisi polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman PPXB-nün polis nəfəri polis serjantı Elşən Həsənovun tərtib etdiyi raportun icrası ilə əlaqədar izahatını aldığı Şəxs şöbənin inzibati binasında olan avtomaşınını oradan çıxarması tələb edilən zaman o, şöbənin inzibati binasında iş otağında uca səslə qışqıraraq avtomaşını çıxartmayacağını bildirdi. Bu zaman onu nizam intizama dəvət etsə də o, öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, həmin gün onun maşınında bir neçə toyuq ət məhsulu olub və evə gedərkən postda duran polis əməkdaşları onu saxlamış və ondan polis şöbəsinə getməsini tələb etmişlər. O, heç bir tabesizlik göstərmədən polis şöbəsinə getmiş və polis şöbəsində izahat vermişdir. Daha sonra o, polis əməkdaşlarına bildirib ki, artıq getmək istəyir, çünki gec gedərsə avtomobildə olan toyuqlar xarab olacaq. Lakin buna baxmayaraq polis əməkdaşları onu polis şöbəsində çox saxlamış və buna görə onun maşınındakı ət məhsulu xarab olmuşdur. Bu səbəblə də, polis əməkdaşı ondan maşını polisin inzibati binasının həyətindən çıxarmasını tələb etdikdə o, məhsulu xarab olduğu üçün maşını çıxarmayacağını bildirmişdir. O, polisin inzibati binasında və həyətində səs-küy salmamış, polis əməkdaşlarının tələblərinə qarşı tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs Şəxs öz şəxsi maşınında toyuq məhsulu aparan zaman polislər onu saxlayıb, onu inzibati qaydada tutublar və orada bir gün saxlamışlar. Şəxs avtomobili Samux Rayon Polis Şöbəsinin həyətindən çıxarmamsının səbəbi onun avtomaşınında olan toyuq məhsulunun xarab olması olmuşdur. Çünki polis əməkdaşları onun avtomobilini və özünü əsassız olaraq polis şöbəsində saxlamışlar. Şəxs polis əməkdaşına qarşı heç bir qeyri etik hərəkət etməmiş, pols şöbəsində səs-küy salmamış, polisə tabesizlik göstərməmişdir. Odur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Elşən Həsənov bildirdi ki, xx.xx.2024-cü il tarixdə Samux RPŞ-nin inzibati binasının həyətində vətəndaş Şəxs polis kapitanı Elcan Bayramovla mübahisə etdiyini görmüşdür. E.Bayramov Şəxs avtomobini polis şöbəsinin inzibati binasından çıxartmasını tələb edən zaman vətəndaş Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, şöbənin inzibati binasında uca səslə maşını çıxartmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 bildirdi ki, 1 saylı postda xidmətdə olan zaman vətəndaş Şəxs polis kapitanı Elcan Bayramovla yüksək səslə danışdığını eşitmiş, ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər, lakin Şəxs avtomobilini polis şöbəsinin həyətindən çıxartmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Şəxs onun dostudur. Bir ay bundaq qabaq dostu ona zəng vuraraq maşınını polis əməkdaşları aparadığını və ondan 20 manat pul istədiyini demişdir. Artıq ikinci dəfədir ki, dostu Elşadı polis əməkdaşları saxlayaraq ondan yenə pul tələb edib. Şəxs polis şöbəsinə aparıldıqda o da dostunun yanında olmuşdur, Elşad polis əməkdaşlarının qanuni tələblərinə qarşı heç bir tabesizlik göstərməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs hərəkətlərində qanunazidd davranışın olması və onun sözügedən inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar