Məhkəmə qərarları › İş №3(058)-130/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-130/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-130/2024 25.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Samux rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Samux rayonu, Fizuli kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyən, Samux rayonu, Sərkar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Polis şöbəsinin sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 25 iyun 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis şöbəsinin sahə rəisi polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində 3 nəfər polis əməkdaşlarına və 1 nəfər mülki vətəndaşa silahlı müqavimət göstərilməklə qətlə yetirilməsi ilə nəticələnən insidentlə bağlı “Tik-Tok” sosial şəbəkəsində paylaşılan postun rəy bölməsinə ‘’Polislər qudurublar, onlara buda azdır” kimi fikir bildirməsi ilə yanaşı mənfi təsir göstərən rəy bildirmişdir. Bu səbəbdən də Şəxs ilə profilaktiki söhbət aparmaq üçün Samux RPŞ-yə dəvət edilmişdir. Onunla bu mövzuda profilaktiki söhbətlər aparan zaman Şəxs özünü qeyri-səmimi apararaq aqressiv halda davranışlarla danışmağa ünvansız nalayiq sözlər deyərək inzibati binada xidmət edən əməkdaşların iş fəaliyyətinə mane olmuşdur. Ona İnzibati binada olması və polis əməkdaşlarının iş fəaliyyətinə maneçilik törətməsi bildirilsə də Şəxs özünü qeyri-səmimi apararaq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşlarının barəsində mənfi rəy yazmasının səbəbi, bir müddət əvvəl polis əməkdaşlarının onun ərinə görə evlərinə basqın etməsi olmuşdur. Hazırda əri polis əməkdaşları tərəfindən həbs olunmuşdur. Lakin, sonradan düşünmüşdür ki, vəfat etmiş şəxslərin onun əri ilə əlaqəsi yoxdur. Məlum məsələ ilə ilə bağlı Samux rayon Polis şöbəsinə dəvət olunduqda əsəbi olduğundan mübahisə etmişdir. O, sonradan törətdiyi əməlin qanunsuz olduğunu dərk etmişdir. Əməlindən peşmandır, müəllimə işləməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş 24 iyun 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 iyun 2024-cü il tarixdə saat 19:45-də inzibati qaydada tutulmuşdur. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə zalından həpsdən azad edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar