Məhkəmə qərarları › İş №3(058)-137/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-137/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-137/2024 27.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X2 və X4 iştirakları ilə, xx.xx.1959-cu ildə Göygöl rayonun Şəmşəddin kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonun Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 158.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 158.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Samux rayonun Qarayeri qəsəbəsində X6 yaşadığı evdə əli və ayağı ilə vuraraq xəsarətlər yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokolda qeyd edilir ki, X1 rayonun Qarayeri qəsəbəsində atası ilə birgə yaşadığı evdə atası tərəfindən mütamadi olaraq ölümlə hədələnməsi və onu evdən qovması səbəbi ilə 3 gün küçədə qalmış, atası tərəfindən məişət zorakılığına məruz qalmışdır. Bununla da Şəxs İXM-in 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək göstərdi ki, o, nə qardaşı Məhərrəm Əkbərovu, nə də oğlu Tanrıverdi Əkbərovu döyməyib. Sözügedən tarixdə qardaşı M.Əkbərovla aralarında mübahisə olub, belə ki, qardaşı onun oğlu Tanrıverdini aparıb öz evində saxlamaqla onun pullarını xərcləyib. O, da bu halla bağlı etiraz qardaşına etiraz edib, aralarında mübahisə yaransa da o, qardaşını və ya oğlunu döyməyib, onlara toxunmayıb. Qardaşı tərəfindən polisə bildirilən hallar şər və böhtandır. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, atası Şəxs onu döyməyib, atası tərəfindən heç bir zorakılığa məruz qalmayıb. Polis şikayət etdiyi vaxt çox əsəbi olduğundan polis yalan məlumat verib. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə qardaşı Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs onu vuraraq xəsarət yetirmişdir. Belə ki, davaya səbəb qardaşının öz oğlu X3 döyərək evdən qovması və onun da qardaşı oğlunun küçədə gecələməsinə vicdanı yol vermədiyindən onu evinə gətirməsi olmuşdur. Şəxs ona xəsarət yetirməsi müvafiq ekspert rəyi ilə öz təsdiqini tapır. Şəxs məsuliyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 20 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM 157-ci və 158.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibatı qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi məsələsinə baxılması üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 05 iyun 2024cü il tarixli 123 saylı ekspert rəyindən məlum olur ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sol bazunun qançırı, sol baldır və sağ saidin sıyrıqlarıdır ki, bu xəsarətlər bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətlərinə görə sol bazunun qançırı qərarın təsviri hissəsində göstərilən müddətdən 5-7 gün əvvələ, sol baldır və sağ saidin sıyrıqları isə qərarın təsvir hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsindəki müəyyən xüsusatlar, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Onun İXM-nin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, inzibati materialda həmin maddə üzrə zərərçəkmiş şəxs kimi göstərilmiş T.Əkbərov məhkəmə iclasında verdiyi ifadəsində atası Şəxs onu döymədiyini, atası tərəfindən heç bir zorakılığa məruz qalmadığını və polisə yalan məlumat verdiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 158.2-ci maddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 döymədiyini bildirsə də, sözügedən tarixdə onunla mübahisə etdiyini etiraf etmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə X4 xx.xx.2024-cü il tarixdə dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilir. Məhkəmə tərəfindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində xx.xx.2024-cü il tarixdə M.Əkbərovla mübahisə etdiyinə dair bildirdiyi xüsusatla həmin tarixdə M.Əkbərovun bədənində müəyyən xəsarətlərin əmələ gəldiyini göstərilən ekspert rəyi birlikdə sübut kimi dəyərləndirilmiş və həmin sübutların məcmusu ilə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-nin 157-ci maddəsi üzrə şəxsin inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, törədilməsi hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxsnın qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar