Məhkəmə qərarları › İş №3(058)-156/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-156/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-156/2023 26.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Samux rayon Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində olan zaman xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edərək, uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis mayoru X5, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, O, 26 iyul 2023-cü il tarixdə bacısının ərinə məxsus «VAZ 2107» markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşını düzəltdirmək üçün şəhərə gedən zaman Samux rayonu, Kolayır dairəsi adlanan ərazidə YPX əməkdaşları avtomobilini saxlatmış, o, avtomobili saxlamamış, bir qədər qabağa sürdükdən sonra, səsgücləndirici ilə avtomobilin saxlanması tələb edildikdə, o, avtomobili saxlamışdır. Bundan sonra Samux rayon Polis şöbəsinin YPX-nin əməkdaşları ona yaxınlaşıb içkili olub-olmamasını soruşduqda, o, içkili olmadığını, ancaq sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı bildirmişdir. Samux rayon Polis şöbəsinin YPX-nin əməkdaşları onu həkim müayinəsi aparacaqlarını bildirmişlər, bu səbəbdən o, polis əməkdaşları ilə mübahisə etmişdir. Həmin vaxt ətrafda olan insanlar və onun qohumu olan şəxs onlara yaxınlaşıb mübahisəni həll etməyə çalışmışlar. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin YPX-nin polis inspektoru X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Samux şəhəri Kolayır dairəsində iş yoldaşı X4 ilə birlikdə xidmətdə olarkən «VAZ 2107» markalı **-BL-*** nömrəli avtomaşının sürücüsü dairəyə əks istiqamətdə girdiyi üçün sürücüyə saxla işarəsi verib saxlatmışlar. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdə, sürücü yenidən avtomobili idarə etmiş və dairəvi nişan tələbinin qaydasını pozaraq, yol nəqliyyatının əks istiqamətində avtomobili idarə etmişdir. Onlar suni tıxac yaradaraq, X1 idarə etdiyi avtomaşının qarşısını kəsərək avtomobili saxlatmışlar. Həmin vaxt müəyyən olunmuşdur ki, sürücünün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. Onlar sürücünü həkim müayinəsinə aparmaq istədikdə uca səslə polis əməkdaşlarının ünvanına, həmçinin onların ünvanına çox pis formada nalayiq söyüşlər söyərək avtomaşının təcili buraxılmasını tələb etmişdir. Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edərək, ətrafdakı insanların diqqətini özünə çəkmiş, həmin vaxt onun qohumu kimi özünü təqdim edən şəxs və digər şəxslər hadisə yerinə toplaşmışlar. Bundan sonra Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 eyni məzmunlu izahat verərək, X1 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 26 iyul 2023-cü tarixdə Samux şəhəri, Kolayır dairəsində olan zaman polisin qanuni tələbinə tabe olmayaraq, ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş inzibati protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 04 (dörd) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar