Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-171/2024 18.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, X1 ilə, X4 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polis İdarəsi tərfəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan telefon nömrəsinə AsanPay-dən SMS gəlmiş, barəsində EQ 22838833 nömrəli elektron qərar verilmiş və o, həmin qərarı kağız daşıyıcıda xx.xx.2024-cü il tarixdə polis şöbəsinə müraciət etdikdən sonra əldə etmişdir. O, həmin vaxtı heç bir inzibati xəta törətmədiyini, əgər “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil 90 km/saatlıq yolu 10-20 km/saat sürətlə keçmiş olarsa, onda İXM-in 328.1-ci maddəsinin tərkib əlamətləri mövcud olardı. Sözügedən avtomobildə videoqeydiyyat aparatı quraşdırılmış və həmin aparatda video çəkilişlə yanaşı vaxtı, kordinatları, həmçinin avtomobilin sürəti qeydiyyata alınır. Şikayətə orqanın qeydiyyat apardığı videonu, həmçinin onun avtomobildə olan videoqeydiyyatda çəkilən video görüntünü diskə əlavə edib, hər iki video görüntülərə baxış keçirilməsini xahiş etmişdir. Həmin görüntülərdən müəyyən etmək olur ki, saat 18:45-də “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanaşı, ondan qabaqda “KHAZAR” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil də hərəkət etmişdir. Gözlə də müşahidə etmək olur ki, hər iki avtomobil radarı paralel şəkildə keçirlər. Bu zaman belə bir sual yaranır. Qarşıda radarın olduğunu görə-görə niyə 90 km saatlıq yolu 10 km/saatda artıq idarə olunsun. Əgər “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil radara düşmüşdürsə, onda KHAZAR markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil də həmin vəziyyətdə radara düşməli idi. Bu suala cavab tapmaq üçün məhkəmə qarşısında vəsatət qaldırır ki, sözügedən KHAZAR markalı **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin anda sürət həddini aşmasını müəyyənləşdirmək üçün müvafiq olaraq DİN BDYPİ-yə sorğu verilməsini, KHAZAR markalı 99-PS428 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə həmin vaxtı cərimə gəlməməsindən əmin olduğunu, həmçinin iki avtomobil eyni sürətlə radarı keçirsə təkcə “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə cərimə gəlir suala cavabı odur ki, bu avtomobillə bağlı bir neçə dəfə inzibati cərimə tətbiq olunmuş, məhkəmə mübahisələri açılmış və müsbət həllini tapan qərar verildiyinə görə, YPX əməkdaşları ilə onun arasında müəyyən dərəcədə narazılıqlar yaranmışdır. Hətta onun avtomobilini kameralar vasitəsi ilə izləyib, bir pozuntu aşkar edən kimi cərimə yazacaqlarını bildimişlər. Hesab edir ki, eyni sürətlə hərəkət edən avtomobillərin birinə cərimə yox, digərinə cərimə gəlməsinin səbəbi onunla YPX arasında olan mübahisələrdir. Amma bir vəziyyəti onlar nəzərə almamışlar ki, videoqeydiyyat avadanlığında sürət həddini, hətta səsin belə qeydiyyatı aparılır. Əgər məhkəmənin videoqeydiyyat avadanlığının düzgün işləyib-işləməməsi ilə bağlı şübhəsi vardırsa, onda mən təklif edirəm ki, həmin avadanlıq üzərinə bir neçə dəfə eksperiment aparaq, mütəxəssis çağrılsın və ya iş üzrə ekspertiza təyin edilsin və registratorda sürət həddinin doğru göstəribgöstərməməsini müəyyənləşdirsin. O, videoqeydiyyat avadanlığında sürətin düzgün göstərilməsini bu işin sahibi olan mütəxəssisdən və ya ekspertdən müvafiq rəy alaraq təsdiq edilməsini, qəbul edilmiş elektron qərara diqqətlə baxsaq, xüsusi texniki vasitələrin (radanın) göstəriciləri həmin qərarda göstərilməmiş, ümumiyyətlə belə bir vasitənin nə vaxtsa harada sınaqdan keçirilib müvafiq sertifikat verilməsini bilmək olmur. O, həmin vaxtı “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, agər avtomobil onun tərəfindən idarə olunmamışdırsa, onda onun barəsində inzibati qərar qəbul edilməli deyildir. Şikayətinə əlavə edilən fotoşəkildən ayırd etmək mümkündür ki, həqiqətən də həmin vaxtı sükan arxasında o, olmamışdır. Hesab edir ki, onun barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati orqana işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, barəsində 10 (on) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən və araşdırma aparılmadan əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Eyni zamanda qərardan verilmiş şikayətə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokolu və qərarı tərtib edən orqandan sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim olunması tələb olunsa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 barəsində DİN DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda DİN Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsi barədə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunması barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-171/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-171/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver