Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-187/2024 16.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun iştirakları ilə, xx.xx.1975-ci ildə Bərdə rayonu, Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs Fərhad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 16 sentyabr 2024-cü il tarixli protokolar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Fərhad oğlu xx.xx.2024-cü il tarixdə ictimai yerdə imtimai qaydanı pozan hərəkətlərə yol vermiş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru X2 raportu əsasında tərtib etmişdir. xx.xx.2024cü il tarixdə təxminən saat 09:00-da Samux rayonu Alıuşağı kəndi istiqamətində hərəkətdə olan kamaz markalı maşına saxla əmri verilərək saxlanılmış və onun maşınında normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılması, həmçinin mənşəyi məlum olmayan qırmızı torpaq deyilən torpaqla yüklü olduğu müəyyən edilmişdir. Sürücüyə maşının Samux RPŞ-nin duracağına getməsi barədə bildiriləndə o atasına yəni, Şəxs Fərhad oğluna zəng edərək bu barədə məlumat vermiş, Şəxs Fərhad oğlu həmin yerə gələrək yük maşının heç yerə getməyəcəyini bildirmiş, ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməlkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlu bildirdi ki, oğlu yük maşını ilə hərəkətdə olarkən DYPX-nin əməkdaşları onun idarə etdiyi yük maşınını saxlayaraq ona polis şöbəsinə getməyi təklif etmişlər. Oğlu isə ona zəng edərək DYPX-nin əməkdaşlarının onun maşınını polis şöbəsinə apardığını bildirmişdir. O, həmin yerə gələrək polis əməkdaşlarına yaxınlaşmış və maşını nə səbəbdən apardıqlarını və niyə digər maşınları yox, məhz onun oğlunun maşınını saxladıqlarını soruşmuşdur. O, ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş və polisə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu Alıuşağı kəndi istiqamətində xidmətdə olarkən, vətəndaşların həmin ərazidə yük maşınları tərəfindən qırmızı torpaq daşınmasına dair narazılıqları ilə bağlı müraciətləri əsasında yük maşınlarını saxlayıb daşıdıqları yükün nə olduğunu aydınlaşdırmağa çalışmışlar, bu zaman bir nəfərin kamaz markalı yük maşınında normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılması, həmçinin mənşəyi məlum olmayan qırmızı torpaq deyilən torpaqla yüklü olduğu müəyyən edilmişdir. Ona polis şöbəsinə getməsi təklif olunmuş, lakin həmin şəxs atası, sonradan adı onlara məlum olan Şəxs Fərhad oğluna zəng edərək ona bu barədə məlumat vermiş, atası Şəxs Fərhad oğlu isə həmin yerə gələrək maşının qabağında dayanmış və maşının heç yerə getməyəcəyini bildirmiş, yüksək səslə onlara qarşı qeyri etik ifadələr işlədərək ictimai yerdə ictimai qaydaları pozan hərəkətlərə yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X5 şahid X4 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Fərhad oğlu xx.xx.2024-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Şəxs Fərhad oğlunun ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və şahid ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs Fərhad oğlu İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs Fərhad oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Fərhad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-187/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-187/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver