Məhkəmə qərarları › İş №3(058)-188/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-188/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-188/2024 30.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli və Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən Şəxs cəmi 4786 manat borcu var və o, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, borcunu ödəməkdən yayınır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcunu ödəməməsinin səbəbi səhhətində olan ciddi problemlər olmuşdur. Belə ki, o, ciddi psixoloji xəstəlikdən əziyyət çəkir və iş qabiliyyətini itirib. Lakin məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində icra sənədi üzrə borcundan atasının köməkliyi ilə 50 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən Samux rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqətən də ciddi psixoloji xəstəlikdən əziyyət çəkir. Məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində o, icra sənədi üzrə borcundan atasının köməkliyi ilə 50 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2400 manat 87 qəpik məbləğində borc və 30 manat dövlət rüsumu cavabdehlər X1 və Şəxs müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2252 manat 52 qəpik məbləğində borc, 43 manat ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2355 manat 52 qəpik məbləğində pul cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. 18 fevral 2022-ci il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli və Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1988-ci il tarixdə Gəncədə doğulmuş borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Lək kəndində olan evində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-2057/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Şəxs xroniki olaraq “paronoid şizofreniya” psixoloji xəstəliyi mövcuddur. Ödəniş qəbzinin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə borcundan 50 (əlli) manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcu vaxtında ödəməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə onun İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. İş materiallarından aydın olduğu kimi Şəxs ciddi psxoloji xəstəlikdən əziyyət çəkməsi halı və onun xahişi ilə borcunu ödəməsi üçün məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan müəyyən məbləğdə ödəniş etməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar