Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-190/2025 21.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, qərardan şikayət verən şəxsin nümayəndəsi X3 və inzibati orqanın nümayəndəsi X4 iştirakı ilə, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 05 fevral 2025-ci il tarixli MN Ne ******* nömrli qərarı ilə o, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Qərarada göstərilənlərə görə onun 16 noyabr 2024-cü il tarixdə X7 Samux rayonunun Alazan adlanan ərazisinə düşən hissəsində özümə məxsus odlu silahla ova cəhd etməsi faktı müəyyən edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. İşin faktiki halları ondan ibarətdir ki, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir, bununla bağlı həkimlər ona tez-tez təmiz havada piyada gəzməyi tövsiyə ediblər. 16 noyabr 2024-cü il tarixdə o, Samux rayonu Alazan adlanan ərazisinə düşən hissəsinə gəzmək və balıq tutmaq üçün getmişdir. O, ovçular cəmiyyətinin üzvüdür. Özünə məxsus icazəli odlu silahı var. Getdiyi ərazidə vəhşi heyvanlar olduğuna görə o, vəhşi heyvanların ehtimal olunan hücumundan qorunmaq məqsədilə odlu silahını özüylə götürmüşdür. Ərazidə gəzən zaman ETSN-nin əməkdaşları ona yaxınlaşaraq icazəsiz ov etdiyi barədə iradlarını bildirdilər. O, onlara bildirmişdir ki, ov etmir, gəzmək və balıq tutumaq üçün həmin əraziyə gəlib. Lakin qeyd edilən şəxslər onun dediklərinə əhəmiyyət verməyərək barəsində protokol tərtib edəcəklərini bildiriblər. 10 saylı RETSİ barəsində xx.xx.2024-cü il tarixli protokol tərtib edib, “İnzibati tənbeh vermə haqqında” qərar çıxarmışdır. Qərar onunla əsaslandırılmışdır ki, o, 16 noyabr 2024-cü il tarixdə X7 Samux rayonunun Alazan adlanan ərazisinə düşən hissəsində özünə məxsus odlu silahla ova cəhd etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, əvvəla, İXM-nin 272.3-cü maddəsi ova “cəhd” etməyə görə deyil, lazımi icazə olmadan və ya, qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov “edilməsinə” görə məsuliyyəti nəzərdə tutur. Yəni həmin maddə ilə məsuliyyətə cəlb edilmək üçün maddənin dispozisiyasında göstərilən hərəkətləri etməlidir. Halbuki, o, ov etməmiş ki, bu da ya qanunsuz, ya da ki, qanuni olsun. Onun nə əlində, nə avtomobilində ovlanmış quş və ya heyvan olmamışdır. Onun silahı koburada, çiynində olmuşdur. Belə olan halda ova cəhddən də söhbət gedə bilməz. Əlavə olaraq qeyd etmək istəyir ki, həmin gün ərazidə ov edən şəxs aşkar olunub barəsində protokol tərtib olunub. Həmin şəxs ov etdiyini etiraf etmiş və cəriməni ödəmişdir. Bu barədə sübutları əvvəlki qərardan vermiş olduğu şikayətə baxılan zaman 10 saylı RETSİ-nin əməkdaşı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxsin nümayəndəsi X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, X8 barəsində qəbul edilmiş sözügedən qərar tamamilə əsassızdır, belə ki, inzibati orqan həmin qərarı qəbul edərkən E.Vəliyevin qərarda göstərilən inzibati xətanı törətməsini sübuta yetirməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı inzibati orqan məhkəməyə sözügedən qərarın qəbul edilməsinə əsas olmuş hər hansı bir sübut təqdim edə bilməmişdir. Şikayətin təmin olunmasını məhkəmədən xahiş edir. İnzibati orqanın nümayəndəsi X9 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X8 barəsində qəbul etdiyi qərar əsaslı və qanunidir. Belə ki, inzibati orqanın əməkdaşları tərəfindən Samux rayonu Alazan adlanan ərazidə X8 və digər bir nəfər şəxsin çiynində ov silahı ilə gəzdiklərini görmüşlər. Digər şəxs ov etdiyini etiraf etmiş və onun barəsində tərtib edilən protokolla razılaşmışdır. Həmin şəxsin Elşən Vəliyevlə hər hansı bir əlaqəsinin olubolmasını bilməmişlər. E.Vəliyev isə ov etmədiyini bildirmişdir. E.Vəliyevin əlində və ya avtomobilndə ovlanmış heyvan olmamışdır. Lakin onlar E.Vəliyevin çiynində ov silahı ilə gəzməsi əsası ilə onun ov etdiyi qənaətinə gəlmişlər. Şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qərardan şikayət verən şəxsin nümayəndəsini, həmçinin inzibati orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən və araşdırma aparılmadan əsassız olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Eyni zamanda qərardan verilmiş şikayətə məhkəmədə baxılarkən inzibati orqandan sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim olunması dəfələrlə tələb olunsa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İnzibati orqanın nümayəndəsinin isə məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi hal, yəni şəxsin çiynində ov silahı ilə qeyd olunan ərazidə gəzməsi onun inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanın tərkibini yaratmır. Ona görə də, məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilməsi barədə X17 Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 şikayəti təmin edilsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-190/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-190/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver