Məhkəmə qərarları › İş №3(058)-219/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-219/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-219/2023 24.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və onun vəkili X3, Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X6 iştirakı ilə, Samux RPŞ-nin polis mayoru X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 onun İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə 400 manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində Samux rayonu YPX-nin inspektoru X9 və digər polis əməkdaşı Elgün adlı şəxs onun idarə etdiyi “Opel Vectra” minik markalı **-KM-*** dövlət qeydiyyat nömrəli avtomobilini heç bir qayda pozuntusu etmədiyi halda saxlamışlar. Polis serjantı Zaur Abbasov ona spirtli içki qəbul edib-etməməsini yoxlayacağını bildirmiş, o isə buna etiraz etməmişdir. Polis əməkdaşı onu öz xidməti maşınına aparmış və onu xidməti maşınında arxada otuzdurmuşdur. Polis əməkdaşları xidməti avtomobilin yan şüşələrini bağlamışlar və avtomobilin içərisindən spirt qoxusu gəlmişdir. Onunla təxminən 15 dəqiqəyə yaxın söhbət etmişlər. Bu müddətdə o, spirtli havanı qəbul etmək məcburiyyətində olmuş sonra isə xüsusi texniki vasitə ilə onu müayinədən keçirdib alkoqollu olduğunu bildirmişlər və polis əməkdaşları isə ona xəbərdarlıq edib buraxacaqlarını bildirmişlər. O, tələsdiyi üçün onların dediyi ilə razılaşmış, sonradan məlum olmuşdur ki, onu aldadıblar. Belə olan halda o, Gəncə şəhərinə gedərək Gəncə şəhər narkoloji dispanserdə analiz vermiş və sərxoş olmadığı barədə tibbi müayinə arayışı almış və həmin arayışın surətini gətirib yol polis əməkdaşlarına təqdim etmişdir. Lakin onlar buna əhəmiyyət verməmişlər. O, barəsində tərtib olunmuş inzibati protokola imza etməmişdir. Yol polis əməkdaşlarından protokolun surətini istəmiş, onlar protokolu ona vaxtında verməmiş, inzibati xəta haqqında protokolu xx.xx.2023-cü il tarixdə almışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xətaları törətməmişdir. Belə ki, o avtomobili idarə edən zaman kəməri taxılı vəziyyətdə olub, əgər polislərdə belə bir fakt varsa fotoşəkilləri təqdim edərdilər. Bundan əlavə bildirir ki, avtomobili idarə edən zaman tam ayıq vəziyyətdə olmuşdur, əgər sərxoş idisə özü tələb etdiyi halda, 102 xidmətinə zəng vurduğu halda hansı səbəbdən həkim müayinəsindən keçirilməmiş, həkim rəyi olmadığı halda o, hansı səbəbə görə İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsində nənərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilinmişdir. Ona görə də barəsində inzibati tənbeh tətbiq olunmasına dair xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, avtomobili içkili vəziyyətdə idarə etmədiyini, əsassız olaraq onun barəsində protokol tərtib edildiyini, barəsində inzibati tənbeh tətbiq olunmasına dair xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın əsassız olduğunu bildirdi və buna görə də həmin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəkili X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, inzibati protokolu tərtib edən şəxs X9 bildirdi ki, sürücü X5 təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır, sənədlərini yoxlayan zamanı onun üzərindən spirtli içki qoxusu gəldiyi üçün maşından çölə çıxması xahiş olunmuş və sürücünün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış, yoxlama nəticəsində sürücü R.Məmmədovun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Ona xüsusi texniki vasitə ilə aparılmış müayinənin nəticəsi bildirilmiş, tibbi müayinədən keçməsinə zərurət olub-olmadığı soruşulan zaman o, buna ehtiyac olmadığını bildirmişdir. X1 təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə, həmçinin nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyinə görə İXMnin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Onun həmin inzibati xətaları törətməsi iş materiallarına əlavə edilmiş video diskdəki görüntü ilə də öz təsdqini tapır. Məhkəmə qərardan şikayət vermiş şəxs X2, onun vəkilinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri və video görüntünü tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 İXM-in 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 400 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntü diskindən görünür ki, X5 alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə müayinədən keçirilir, nəticədə onun alkoqollu olduğu müəyyən olunur, xüsusi texniki vasitənin nəticəsi şəxsə izah olunaraq ondan həkim müayinəsindən keçməyə ehtiyac olub-olmaması barədə fikri soruşulur və R.Məmmədov xüsusi teüxniki vasitə ilə aparılmış yoxlamanın nəticəsi ilə razılaşaraq həkim müayinəsindən keçməyə zərurət olmadığını bildirir. İş materiallarına əlavə edilmiş xüsusi texniki vasitə ilə aparılmış müayinənin nəticəsindən görünür ki, X2 alkoqol qəbul etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 təhlükəsizlik kəmərindən istifadə edilmə qaydalarını pozduğuna görə saxlanılarkən onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bu fakt iş materiallarına əlavə olunmuş video görüntü diski məhkəmə tərəfindən tədqiq edilərkən və qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır. Belə ki, video görüntüdən aydın olur ki, X5 xüsusi texniki vasitə ilə aparılmış müayinənin nəticəsi ilə razılaşmış və tibbi müayinədən keçməyə ehtiyac olmadığını bildirmişdir, ona görə də hazırki şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux RPŞ-nin polis mayoru X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar