Məhkəmə qərarları › İş №3(058)-227/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-227/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-227/2025 26.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux RPŞ-nin İTB polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokollarda qeyd edilir ki, Şəxs xx.xx.2025-cü il tarixdə Samux rayonu ərazisində ictimai yerdə ictimai qaydanın tələblərini pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin İTB polis sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirdi ki, Samux rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Samux rayonu, Alıuşağı kənd sakini Şəxs yaşadığı ünvana gedilmiş, onun Samux rayonu Alıuşağı kəndində küçədə olduğunu müəyyən etmişlər. İzahatının alınması üçün onu Samux rayonu Polis Şöbəsinə dəvət etsələr də o, ictimai yerdə nalayiq ifadələr işlədərək və səs küy salaraq ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində təqsirini etiraf edərək bildirdi ki, o, əsəbi olduğu üçün sözügedən əməllərə yol verib. Hazırda əməlindən peşmandır, barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon İTB polis sahə rəhbəri, polis serjantı X2 bildirdi ki, Samux rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Samux rayonu, Alıuşağı kənd sakini Şəxs yaşadığı ünvana gedilmiş, onun Samux rayonu Alıuşağı kəndində küçədə olduğunu müəyyən etmişlər. İzahatının alınması üçün onu Samux rayonu Polis Şöbəsinə dəvət etsələr də o, ictimai yerdə nalayiq ifadələr işlədərək və səs küy salaraq ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş sənəd aşağıdakı müəyyən edilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən Samux Rayon Polis Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Samux rayon sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək təhqiredici ifadələr işlətdiyi qeyd olunmuş və qanunamüvafiq tədbir görülməsi xahiş olunmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 26 fevral 2025-ci il saat 15:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar