Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-245/2023 24.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin qızınun katibliyi, protokolu tərtib etmiş Samux Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Samux rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 23 oktyabr 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Samux rayonu, Çobanabdallı kəndində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləlikla o, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Samux Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 DİN-nin 102 xidmətinə zəng edərək əri tərəfindən döyüldüyünü bildirmiş, polis əməkdaşları göstərilən ünvana getmiş, orada Şəxs ilə arvadı X5 arasında münaqişə olduğunu görmüşlər. Hadisə onların həyətində, yəni evin giriş qapısından içəridə baş vermişdir. Bu barədə H.Qurbanov tərəfindən raport tərtib edilmiş, o isə həmin raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək qeyd etdi ki, onunla arvadı Nailə arasında yaşadıqları evdə kiçik mübahisə yaranmış, bu səbəbdən Nailə DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra evlərinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onların həyətində olan zaman onunla arvadı arasında yenidən kiçik mübahisə olmuş, lakin o arvadını vurmamış, mübahisə isə evin həyətində baş verdiyindən kənardan onları heç kəs görməmiş, o, ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatcısı X3 bildirdi ki, X5 DİN-nin 102 xidmətinə zəng edərək əri tərəfindən döyüldüyünü bildirmiş, bu səbəbdən onlar hadisə yerinə getmişlər. Ə.Hüseynov evlərinin həyətində, yəni, evin giriş qapısından içəridə arvadı ilə mübahisə edərək münaqişə yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Şəxs onun əridir. Əri ilə aralarında tez-tez mübahisə yaranır və əri onu döyür. Hazırda sözügedən hadisə onların evinin həyətində baş vermişdir. Əri onu vurmaq istəmiş, lakin o qaçmışdır. Həmin vaxt onların yanında yalnız polis əməkdaşları olmuş, kənardan başqa heç kəs hadisəni görməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin izahatından və şahidlərin ifadələrindən məlum olur ki, hadisə evin giriş qapısından içəridə, yəni evin həyətində baş vermiş, dolayısıyla ətrafda kənar şəxslər olmamışdır. Protokolda Şəxs ictimai yerdə nalayiq ifadələr işlətdiyi qeyd edilsə də, inzibati xəta haqqında protokol tərtib edən şəxsin və barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan şəxsin izahatlarından, həmçinin şahidlərin ifadələrindən aydın olur ki, sözügedən hadisə aralarında mübahisə olan tərəflərə məxsus evin həyətində baş vermiş, hadisəni kənardan heç kəs müşahidə etməmiş, eyni zamanda hadisənin ictimai qaydanın pozulmasına səbəb olması ilə bağlı iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Evin həyəti ictimai yer sayılmadığından və hadisəni kənardan keç kəs müşahidə etmədiyindən, həmçinin hadisənin ictimai qaydanın pozulmasına səbəb olması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-245/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-245/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver