Məhkəmə qərarları › İş №3(058)-253/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-253/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-253/2024 05.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 noyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 06 aprel 2017-ci il tarixdə anadan olmuş X2 atalığının müəyyən olması, 25 iyul 2013-cü ildə anadan olmuş X1 və 06 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində alaiment tutulması qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 11442 manat aliment borcu yaranmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, Şəxs hazırki icra sənədi üzrə icra sənədini icra etməməsi səbəbilə məhkəmənin müvafiq hökmü ilə CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həbsdən çıxandan sonra hər ay mütəmadi olaraq 400 manat ödəniş edir, axırıncı ödənişi noyabr ayında edib, lakin əvvəlki yığılmış borcdan hələ də kifayət qədər məbləğ qalıb. Hazırda keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun icra sənədini icra etməkdən boyun qaçırmaq fikri yoxdu, ona məhkəmə tərəfindən verilən vaxt ərzində icra sənədi üzrə borcundan 450 manat ödəniş edib. Hazırda keçirilən məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirdi ki, Şəxs hazırki icra sənədi üzrə icra sənədini icra etməməsi səbəbilə məhkəmənin müvafiq hökmü ilə CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həbsdən çıxandan sonra hər ay mütəmadi olaraq 400 manat ödəniş edir. Şəxs məhkəmə tərəfindən ona verilən müddət ərzində aliment borcundan 450 manat ödəniş edib. Lakin o, yığılan borcun tam şəkildə ödənilməsini tələb edir. Samux Rayon İcra və Probasiya şöbəsinə hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasından iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı,xx.xx.2018-ci il icra vərəqəsinin surətindən görünür ki, iddianın atalığının müəyyən olması hissəsində tam, aliment tələbi hissəsində isə qismən təmin olunması, 24 iyul 2013-cü ildə anadan olmuş X1 və 06 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, cavabdeh Şəxs 13 avqust 2018-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay sabit pul məbləğində 154 manat olmaqla, cəmi 308 manat miqdarında aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 1(058)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs məhkəmə tərəfindən ona verilən vaxt ərzində aliment borcundan ümumilikdə 450 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, icra məmurunun məhkəmə iclasında verdiyi izahatından məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samux Rayon Məhkəməsinin 1(058)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra hər ay mütəmadi olaraq aliment borcundan 400 manat ödəniş etmişdir. Həmçinin inzibati protokola baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xahişi ilə ona məhkəmə tərəfindən verilmiş müddət ərzində Şəxs borcundan 450 manat ödəniş etmişdir. Göstərilən hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar