Məhkəmə qərarları › İş №3(058)-260/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-260/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-260/2023 04.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Göy-Göl Təmir-Tikinti Təchizat T.R. Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot Siyasəti Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Göy-Göl Təmir-Tikinti Təchizat T.R. Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində 27 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmaqla İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Göy-Göl Təmir-Tikinti Təchizat T.R. Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir . Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot Siyasəti Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Göy-Göl Təmir-Tikinti Təchizat T.R. Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli 3-23/2-5549/2023 saylı bildirişdən görünür ki, Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC-nə (VÖEN **********) 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzrəd tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə baxılacağı barədə məlumat verilərək, təşkilatın 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin mövcud olduğu təqdirdə həmin rəyin bildirişdə göstərilən tarixədək təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC-nin Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında Göy-Göl Təmir-Tikinti Təchizat T.R. Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Göy-Göl Təmir-Tikinti Təchizat T.R. MMC barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göy-Göl Təmir-Tikinti Təchizat T.R. Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar