Məhkəmə qərarları › İş №3(058)-265/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-265/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-265/2023 04.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3, Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti baş inspektor polis leytenantı X1 iştirakları ilə, Samux RPŞ-nin polis mayoru X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 onun İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09:40-da Samux rayon, N.Nərimanov küçəsində onun idarə etdiyi VAZ 21074 markalı, 04BO089 dövlət qeydiyyat nişanlı avtomobili polis əməkdaşları tərəfindən saxlanılaraq onun İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul olunmuşdur. Hesab edir ki, onun barəsində qəbul edilmiş qərar əsassızdır. Belə ki, o inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş inzibati xətanı törətməmişdir. Onun həmin inzibati xətanı törətməsi heç bir sübutla öz təsdiqini tapmır. Ona görə də barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs X4 bildirdi ki, X5 xx.xx.2023-cü il tarixdə Samux rayonu, N.Nərimanov küçəsində avtomobillə hərəkətdə olan zaman manevr etmə qaydalarını pozduğuna görə onun idarə etdiyi VAZ 21074 markalı, 04BO089 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bu zaman ondan alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücüyə həkim müayinəsindən keçirilməsi təklif olunsa da, А.Əliyev bundan imtna etmişdir. Ona görə də X5 barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 və protokol tərtib etmiş şəxs X1 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 tərəfindən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, X3 alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,418 promilli olduğu müəyyən edilir. A.Əliyevdən tibbi müayinədən keçirilməsinə zərurət olub-olmadığı soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətinin dəlilləri əsassızdır. Belə ki, o, İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş inzibati protokol, xüsusi texniki vasitə ilə aparılmış müayinənin nəticəsinə dair qəbz və video görüntü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux RPŞ-nin polis mayoru X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar