Məhkəmə qərarları › İş №3(058)-268/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-268/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-268/2025 03.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X2 rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Samux rayonu ərazisində yerləşən imamzadənin qarşısında hərəkət edən zaman YPX avtomobili ona saxla əmrini vermiş, o, qanuna əsasən saxla əmrinə tabe olmuşdur. Avtomobili saxladıqdan sonra Samux rayonu YPX-nin inspektoru polis serjantı X4 ona yaxınlaşmış və bildirmişdir ki, guya o, üfüqi nişanlama xətlərinin tələbinə riyayət etməyərək dönmə qaydalarını pozmuşdur. Ona etiraz edərək, düzgün manevrə etdiyini bildirmişdir. O, inzibati pozuntunu etmədiyini tam sübut etsə də inspektor Nəbiyev Nəbi ona İXP ******* saylı inzibati protokol tərtib etmişdir. Onunla kobud şəkildə, özünü təqdim etmədən və hərbi salam vermədən irad tutmuş və demişdir ki, ona qayda pozuntusu sübut edən şəkildə video görüntüsü təqdim etsin. O, isə xidmət avtomaşınına oturaraq, onun sözünü cavabsız qoymuşdur. Ona video görüntü təqdim edilsin. O, ərazi “YAP” təşkilatının sədridir dövlətə həmişə xidmət etmiş və neqatif hal onu sarsıtmış, əgər o, qaydanı pozmuşdursa inzibati məsuliyyət daşımağa razıdır əks halda cərimənin silinməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsasında qəbul ediləcək qərarla razılaşmadığı halda ərizəçinin həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Ərizəçi qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar