Məhkəmə qərarları › İş №3(058)-276/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-276/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-276/2023 01.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu Sərkar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonu, Sərkar kəndində, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs arvadı DİN-nin 102 qaynar xətt nömrəsinə zəng edərək Şəxslə aralarında münaqişə olduğunu bildirmiş və polis əməkdaşlarından həmin ünvana gəlməsini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları Şəxs ünvanına getmiş və Şəxs münaqişə yaratdığını görümüş, onu nizam-intizama dəvət etmişlər, lakin Şəxs sərxoş halda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu cür hallara əvvəllər də dəfələrlə yol vermiş, bu barədə DİN 102 qaynar xətt nömrəsinə çoxsaylı zənglər gəlmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə evdə arvadı ilə aralarında münaqişə yaranıb. Belə ki, arvadı tanımadığı bir qadını, qadının çarəsiz vəziyyətdə olması səbəbilə evə dəvət etmiş, onun bu hərəkəti arvadı ilə onun arasında mübahisəyə səbəb olmuşdur. O və arvadı DİN-nin 102 qaynar xətt nömrəsinə zəng edib bu barədə polis əməkdaşlarına məlumat vermiş və polisi yaşadıqları ünvana dəvət etmişlər. Polis əməkdaşları onların ünvanlarına gəlmiş, o, polisə müqavimat göstərməmiş və polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, işdə olarkən qızı ona zəng edərək evə çarəsiz vziyyətdə olan bir qadını dəvət etməsi və ona yemək verməsi barədə məlumat vermişdir. O, işdən evə gəldikdə qadın hələ də onların evində olmuşdur. Əri Boran həmin qadını qonaq etdiklərinə görə onlara acıqlanmış, aralarında mübahisə yaranmışdır. Bununla əlaqədar o, 102 qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq həmin məsələ barədə onlara məlumat vermiş və polis əməkdaşlarından sözügedən ünvana gəlməklərini xahiş etmişdir. Polis əməkdaşları onların ünvana gəlmiş, əri Boran polis əməkdaşlarına qarşı müqavimat göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, DİN-nin 102 qaynar xətt xidmətinə Fizzə Əliyeva adlı şəxs tərəfindən zəng daxil olmuşdur. Belə ki, F.Əliyeva ailədə münaqişə olduğunu bildirmiş və polis əməkdaşlarını münaqişə baş verən ünvana dəvət etmişdir. O, həmin ünvanda getdikdə B.Lzəgiyevin sərxoş olduğunu, ailədə münaqişə olduğunu və Şəxs qızının “qıcolma” nəticəsində yerə yıxıldığını görmüşdür. Ona məlum olmuşdur ki, Şəxs qızı Xədicəni döymüşdür. O, Şəxs nizam-intizama dəvət etmiş, onunla birlikdə polis şöbəsinə getməsini xahiş etmiş, lakin Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:14-də inzibati qaydada tutulmuşdur. Şəxs ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, şahid ifadəsi və raportla tam şəkildə sübuta yetirilir. Məhkəmə baxışında Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:14-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar