Məhkəmə qərarları › İş №3(058)-296/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-296/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-296/2025 08.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis bölməsinin Cinayət axtarış əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində saxlanılmış, şöbəyə dəvət olunmuş, sonra isə narkoloji müayinədən keçmək üçün narkoloji dispanserə aparılmışdır. 13 yanvar 2025-ci il tarixli 143/2025 nömrəli sərxoşluq həddinin tibbi müayinəsi aktının nəticələrinə uyğun olaraq, onun barəsində İXM-nin 206 və 333-1.1-ci maddələri ilə protokol tərtib edilərək, xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-162/2025 nömrəli qərarına əsasən onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs qərarı verilmiş, 15 gün inzibati həbs müddəti bitdikdən sonra o, azad olunmuş, bir neçə gündən sonra Daxili İşlər Nazirliyi tərəfindən aldığı SMS-də görmüşdür ki, cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılmasına baxmayaraq, eyni iş üzrə yenidən DİN-in DYP əməkdaşları tərəfindən onun barəsində protokol tərtib olunmuşdur (İXP 6818484) və həmin protokola əsasən DYP-in xx.xx.2025-ci il tarixli qərarı ilə ona 600 manat məbləğində cərimə yazılmışdır. Halbuki o, saxlanılan zaman heç bir DYP əməkdaşının iştirakı olmamışdır. Daha sonra o, İXM-nin 9.2-ci maddəsinə istinad edərək xx.xx.2025-ci il tarixdə həmin qərara xitam verilməsi ilə bağlı, “ASANPAY” tətbiqi vasitəsi ilə, eyni zamanda poçt vasitəsi ilə Gəncə Şəhər Kəpəz Rayon 2-ci Polis şöbəsinin rəisinə məktubla müraciət etmişdir. O, xx.xx.2025-ci il tarixdə şikayəti ilə bağlı Gəncə Şəhər Kəpəz Rayon 2-ci Polis şöbəsinə dəvət olunmuş və orada bir daha izahatı alınmış və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Sözügedən xətaya görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-162/2025 nömrəli iş üzrə verilmiş qərara əsasən ona 15 gün həbs cəzası verilmiş və o, həmin cəzanı çəkmişdir. Bu səbəbdən də o, DYP tərəfindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol əsasında verilmiş xx.xx.2025-ci il tarixli qərarı əsassız hesab edir, həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən ötürdüyü qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi, ərizəsinə əlavə etdiyi sənədlərin nəzərə alınması və şikayət ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, DYP-nin barəsində tərtib etdiyi inzibati protokol (İXP 6818484) əsasında verilmiş xx.xx.2025-ci il tarixli qərarından şikayət vermək üçün qərarın mətninin surətini polisə dəfələrlə müraciət etməsinə baxmayaraq, gec əldə edə bilmişdir. Eyni zamanda məhkəmədən qabaq “ASANPAY” tətbiqi vasitəsi ilə polisə etdiyi şikayət nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayətin və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)- 162/2025 nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.1-ci maddələri ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətində inzibati həbs edilmişdır. Şikayətə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3(125)-162/2025 nömrəli məktubdan görünür ki, X3 barəsində olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-162/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin (ədalətlilik prinsipinə) 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi X4 qeyd edilən inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə bir dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, yuxarıda qeyd olunanları və inzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərə alaraq hesab edir ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X3 Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması barədə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-də nəzərdə tutulmuş imperativ normalara və qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-162/2025 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.1-ci maddələri ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətində inzibati həbs edilmiş və törətdiyi əmələ görə artıq cəzalandırılmışdır. Lakin buna baxmayaraq, X4 eyni inzabati xətaya görə yenidən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və İXM-nin 53.1.7-ci maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, İXM-nin 53.1.7-ci maddəsinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət və ərizə təmin edilməli və X3 barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməli, X3 barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət və ərizə təmin edilsin. X3 Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilsin. X3 barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar