Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-298/2023 19.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Sərkar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi barədə 19 dekabr 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə narkotik vasitədən istifadə etmiş və bununla bağlı araşdırma aparılan zaman ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-nin 206, 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Samux rayonu, Sərkar kəndində yerləşən kafedə işləyən Şəxs üzərində narkotik vasitə olması barədə onlara məılumat daxil olmuş, buna görə də həmin kafeyə gedərək Şəxs yaxınlaşmış, onu şöbəyə dəvət etmişlər. Şəxs maşına minib onlara getdikdə yolda onlardan xahiş etmişdir ki, balıq alıb kafeyə versin daha sonra şöbəyə gedər. Onlar Şəxs xahişini nəzərə alaraq ona balığı alıb kafeyə verməsinə imkan yaratmışlar. Lakin o, kafeyə qayıtdıqdan sonra kafenin qarşısında, yəni ictimai yerdə uca səslə, ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, sözügedən gün onun üzərində narkotik vasitə olub, belə ki, narkotik vasitədən özü istifadə edir. Əsəbi olduğu üçün kafenin qarşısında uca səslə nalayiq ifadələr işlətmiş, ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlərə yol vermişdir. Lakin o, polisə tabesizlik göstərməmiş, polis əməkdaşları ona polis şöbəsinə getməyi təklif etdikdə onlarla getmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapdığından o, həmin maddələr ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs bədən ifrazatında THC aşkar edilmişdir. Göründüyü kimi, Şəxs İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş inzibati protokolla yanaşı özünün etiraf edici ifadəsi ilə tam şəkildə sübuta yetirilir, lakin onun İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi heç bir sübutla təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-nin daha ciddi xəta hesab edilən 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, İXM-nin 206-cı maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-298/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-298/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver